Accessibility links

Blinken İsrailə yola düşüb


ABŞ dövlət katibi Antoni Blinken HƏMAS yaraqlılarının İsrailə hücumu və əhalinin girov götürülməsi, eyni zamanda İsrailin Qəzza zolağını bombardman etməsindən sonra daha genişmiqyaslı müharibənin baş verməsinin qarşısını almaq üçün çərşənbə günü (11 oktyabr) Yaxın Şərq missiyası ilə İsrailə yollanıb.

Təyyarəyə minməzdən əvvəl Blinken jurnalistlərə İsrailin HƏMAS-ın əsir saxladığını, bəzilərinin Amerika vətəndaşı ola biləcəyini söylədiyi 100-dən çox adamı azad etmək üçün ABŞ-ın regional müttəfiqləri ilə işləyəcəyini bildirib.

Blinkenin səfəri həftə sonu HƏMAS-ın 1000-dən çox israillinin ölümü ilə nəticələnən misli görünməmiş hücumundan sonra İsraillə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.

ABŞ prezidenti Co Bayden oktyabrın 10-da Ağ Evdə HƏMAS-ın İsrailə qarşı hücumları ilə bağlı açıqlamasında baş verənləri “xalis şər əməli” adlandırıb. Bayden bir daha Birləşmiş Ştatların İsrailə dəstəyini ifadə edib və HƏMAS-ın hücumlarını kəskin şəkildə pisləyib. ABŞ prezidenti İsrailin özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb və Konqresi İsrailə dəstək üçün hərəkətə keçməyə çağıracağını deyib.

HƏMAS-ın şənbə günü İsrailə qəfil hücumu nəticəsində yüzlərlə israilli həyatını itirib, təxminən 2700 nəfər yaralanıb, 100-dən çox insan girov götürülüb.

İsrail hücumdan sonra Qəzza zolağına hava zərbələri endirib. Fələstin rəsmiləri hücumlarda ən azı 830 fələstinlinin öldüyünü və 4250 nəfərin yaralandığını bildirib.

Birləşmiş Millətlər Təşkilatı 180 mindən çox Qəzzalının evsiz qaldığını bildirib.

Forum

XS
SM
MD
LG