Accessibility links

Avropa Məhkəməsi Azərbaycan hökumətini 34 min avro cərimələyib


Avropa məhkəməsi
Avropa məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabrın 12-də Azərbaycanla bağlı 2 qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

Bu barədə aihmaz.org saytı məlumat yayıb.

Məmməd Qurbanov və Nadir Məmmədov Azərbaycana qarşı şikayətində hər iki Azərbaycan vətəndaşı hadisələrin baş verdiyi vaxt Naxçıvanda yaşayıb.

“Onların Naxçıvanda kiçik biznesləri olub, 7 dekabr 2012-ci ildə mallarla yüklənmiş avtomobilləri ilə Azərbaycan və Türkiyə arasındakı Sədərək gömrük məntəqəsində saxlanılıblar. Ərizəçilərin iddiasına görə, 8 dekabr 2012-ci ildə gömrük əməkdaşları malların idxalı ilə bağlı gömrük rəsmiləşdirilməsini həyata keçirdikləri üçün onlardan rüşvət istəyib. Rüşvət verməkdən imtina edən ərizəçilər, bu barədə mətbuata açıqlama verib. Həmin gün bir hüquq müdafiəçisi və bir jurnalistlə birgə gömrük məntəqəsinə gedən ərizəçilər təxminən iyirmi gömrük işçisinin fiziki təzyiqlərinə məruz qalıb. Ardınca, ərizəçilər polis tərəfindən tutularaq Sədərək Rayon Polis İdarəsinə aparılıb, orada dekabrın 11-dək işgəncələrə məruz qalıblar. İddialarına görə, polis əməkdaşları onları soyundurub, soyuq havada çöldə çılpaq saxlayıb. Ardınca, ərizəçilərə Sədərək Rayon Prokurorluğunda dövlət məmurlarına qarşı zorakılıq etmə əsası ilə cinayət işi açılıb. Barələrində həbs-qətimkan tədbiri seçilən ərizəçilərin vəkili onlarla 24 dekabr 2012-ci ildə görüşə bilib. Vəkilin bildirdiyinə görə, ikinci ərizəçinin bədənində pis rəftar əlamətləri qalırdı, vəkil bundan prokurorluğa şikayət edib, bu kontekstdəki şikayətləri rədd edilib. Məhkəmələr ərizəçilərin həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda müraciətlərini də təmin etməyib. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü (İşgəncə) və 5-ci (azadlıq və toxunulmazlıq) maddələrinin pozuntusunu iddia edib”, məlumatda qeyd edilir.

Avropa Məhkəməsi bu işdə hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq) (prosedural baxımdan) və 5-ci maddələrinin pozuntusuna qərar verib. Qərara əsasən, hökumət ərizəçilərin hər birinə 10 min avro mənəvi zərər əvəzi ödəməlidir. Həmçinin, ərizəçilərin hüquqi təmsilçisi Xalid Bağırova 2 min avro hüquqi xidmət əvəzi ödənilməlidir.

Elşad Abdullayev Azərbaycana qarşı işdə hazırda Parisdə yaşayan ərizəçi olaylar baş verən zaman Bakıda yerləşən özəl universitetin rəhbəri olub.

“Onun Milli Təhlükəsizlik Nazirliyinin zabiti olan qardaşı Mahir Abdullayev 13 oktyabr 2003-cü ildə evdən çıxıb və bir daha geri qayıtmayıb. Ərizəçi qardaşından xəbər ala bilmədiyindən 14 oktyabr 2003-cü ildə Yasamal rayon Polis İdarəsinə müraciət edib, polis araşdırma başlamaqdan imtina edib. Ərizəçinin polisin müvafiq qərarından verdiyi şikayətdən sonra, Bakı Şəhər Prokurorluğu tərəfindən 14 noyabr 2003-cü ildə Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 144.2.6-cı (adam oğurluğu) maddəsi ilə cinayət işi başlayıb. İş materiallarına görə, cinayət işi başlanandan 3 gün sonra ərizəçinin qardaşının avtomobili Bakıda tapılıb. 6 yanvar 2005-ci ildə cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib və istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə olunub. Ərizəçi davam edən cinayət işinin istintaqı ilə bağlı ona məlumat verilməsi üçün dəfələrlə prokurorluq orqanlarına müraciət edib, ancaq hər dəfə ona sadəcə, istintaqın nəticələri barədə məlumat veriləcəyi bildirilib. Ərizəçi iddia edir ki, qardaşı yoxa çıxandan sonra o, mütəmadi olaraq hədələnib. Ərizəçi hədələnməsini qardaşının yüksək səviyyəli dövlət məmurları tərəfindən himayə olunan mütəşəkkil cinayətkar qrup tərəfindən oğurlanması ilə bağlı müxtəlif milli qurumlara şikayətlər yazması ilə əsaslandırıb. Azərbaycandan Fransaya mühacirətə getdikdən sonra, 2012-ci ildə ərizəçinin vəkili prokurorluq orqanlarından istintaqın gedişi barədə məlumat verilməsini, habelə, müvafiq istintaq sənədlərinin surətlərinin təqdim edilməsini xahiş edib, prokurorluq Cinayət Prosessual Məcəlləsinə əsaslanaraq, bundan imtina edib. Ərizəçi müstəntiqin həmin qərarından məhkəmələrə şikayətlər etsə də, onun şikayətləri rədd olunub. Ərizəçi AİHM qarşısında Konvensiyanın 2 (Yaşamaq hüququ), 3 (İşgəncələrin qadağan olunması), 6 (Ədalətli məhkəmə araşdırması hüququ) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozuntusunu mübahisələndirib”, məlumatda bildirilir.

AİHM bu işdə Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsinin prosedural baxımdan pozulmasına qərar verib. Məhkəmə digər pozuntu iddialarını araşdırmağa lüzum görməyib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12 min, poçt xərcləri əvəzi 70 avro ödəməlidir.

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, Azərbaycan Avropa Məhkəməsinin qərarlarını ən pis icra edən Avropa Şurasına üzv olan ölkədir.

“Yaxın vaxtlarda Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarının icra durumu ilə bağlı hesabat açıqlamışdı. Həmin hesabata görə, Azərbaycan indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların cəmi 24 faizini icra edib. Yerdə qalan qərarlar, yəni 75 faizdən çox qərarların icrası hələ də problemlidir. Məsələn, Rusiya Avropa Məhkəməsinin qərarlarının təxminən 38 faizini icra edib. Yəni bu kateqoriya üzrə ümumi statistik bilgilərə görə, Azərbaycanın durumu təəssüflər olsun ki, çox pisdir. Amma bir neçə il bundan əvvəl təzminatların ödənilməsində çox ciddi problemlər var idi. Hökümət Avropa Məhkəməsinin müəyyən etdiyi təzminatları ödəmirdi. Amma bu problemləri Azərbaycan artıq aşıb. Çünki bu sahədə çox da ciddi problemlər qalmayıb”, o qeyd edib.

Forum

XS
SM
MD
LG