Accessibility links

Azərbaycandan İsrailə təyyarə reysi olacaq


Azərbaycandan İsrailə növbəti təyyarə reysi yerinə yetiriləcək.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

Bildirilib ki, İsrailə növbəti uçuş oktyabrın 18-də gözlənilir.

“Uçuşun detalları ilə bağlı məlumat İsrail Hava Yollarının saytına yerləşdirilib və sərnişinlər bilet ala bilərlər”, məlumatda qeyd edilir.

Bununla yanaşı Azərbaycan Hava Yolları (AZAL) Səhmdar Cəmiyyətindən Amerikanın Səsinə bildiriblər ki, AZAL-ın təyyarələri İsrailə hələ reyslər yerinə yetirmir.

Azərbaycanın İsraildəki səfirliyinin məlumatına görə, İsraildən 72 nəfər Azərbaycana yola salınıb.

“12-13 oktyabrda Azərbaycanın İsraildəki səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində 72 nəfər Azərbaycan vətəndaşı və Azərbaycan əsilli İsrail vətəndaşları Mahaçqala, Dubay şəhərləri üzərindən və birbaşa reys vasitəsilə Bakıya yola salınıb”, Azərbaycanın İsrailədki səfirliyi X (keçmiş Twitter) hesabında bildirib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, İsraildə 75 min azərbaycan əsilli insan yaşayır. İsraildə hazırda olan Azərbaycan vətəndaşlarının sayı barədə isə rəsmi statistik rəqəm hələ elan edilməyib.

Rəsmi məlumatlara görə, HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı 7-yə çatıb.

HƏMAS militantlarının İsraildə azı 1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra İsrail oktyabrın 11-də cavab kampaniyasını davam etdirərək, Qəzza zolağında yollara və binalara hava zərbələri endirib.

Fələstin səhiyyə rəsmiləri İsrailin HƏMAS hücumunun başlamasından bir neçə saat sonra ilk zərbələrini həyata keçirməsindən bəri, çərşənbə günü Qəzzada ölənlərin sayının 1055 nəfərə yüksəldiyini, 5000-dən çox insanın yaralandığını bildirib.

Forum

XS
SM
MD
LG