Accessibility links

Suriyadan 10 nəfər Azərbaycan vətəndaşı repatriasiya olunub


Oktyabrın 17-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 9 nəfəri uşaq və 1 nəfəri qadın olmaqla 10 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, repatriasiya olunmuş uşaqlardan 4 nəfəri hər iki valideynini itirib.

“Bu xüsusda, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və sonradan Türkiyə Respublikası ərazisinə keçidinə nail olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilərək, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub”, məlumatda deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlar Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.

“Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir”, məlumatda bildirilir.

Xatırlatma

2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Bununla yanaşı yerli mediada dərc edilən məlumatların təhlili göstərir ki, İraq və Suriyada həbsxanalarda hələ çoxsaylı Azərbaycan vətəndaşları saxlanılır. Bu ilin martında Bağdad həbsxanasında 121 nəfər Azərbaycan əsilli qadının aclığa başlaması barədə onların audio müraciətləri yayılıb.

Forum

XS
SM
MD
LG