Accessibility links

Təbrizdə Yaqub Sədiq Camalinin səhnələşdirdiyi Leyli və Məcnun tamaşası geniş rəğbət görüb


Leyli və Məcnun tamaşası
Leyli və Məcnun tamaşası

Təbrizdə rejissor Yaqub Sədiq Camalinin türk dilində səhnəyə çıxardığı Leyli və Məcnun tamaşası geniş rəğbətlə qarşılaşıb. Sədiq Camali öz sosial media hesabında nümayişi 5 gün daha uzatmağa çalışdığını bildirib.

Musiqili Leyli və Məcnun tamaşası bazar ertəsi günündən bəri Təbrizin Tərbiyət Sənət və Mədəniyyət Kompleksində nümayiş etdirilir.

Sədiq Camalı keçən gün öz Instagram səhifəsində yazıb ki, "tamaşanın biletləri sürətlə satılıb. Uzatmaq üçün icazə çıxarmağa çalışıram. Allah istəsə və bir problem çıxmasa Leyli və Məcnun tamaşasının nümayişi 5 gün daha uzadılacaq."

Daha əvvəl KoroğluBalaca Qara Balıq tamaşalarını səhnəyə çıxaran rejissor bir neçə gün öncə tamaşanın təqdimat mərasimində əsəri səhnələşdirmək üçün qarşılaşdığı çətinliklər haqqında danışıb.

"Son nümayişlərdə tamaşanın mövzusu və temasına uyğun olaraq fərqli bir ifanı səhnəyə çıxarmağa çalışmışam. Leyli və Məcnun tamaşasında da izləyicilər formada açıq dəyişiklikləri hiss edəcəklər," deyə, onun sözləri Təbrizdə fəaliyyət göstərən Nasr News internet portalında dərc edilib.

Sədiq Camali İranda qadınların mahnı söyləməsi ilə bağlı məhdudiyyətlərin olduğuna diqqət çəkib və deyib ki, "mənim yazdığım və səhnələşdirdiyim tamaşanın Həkim Füzulinin şeirlərindən başqa Ustad Üzeyir Hacıbəyovun məşhur operası ilə heç bir yaxınlığı yoxdur. Bu tamaşa hərəkət, dialoq, şeir və musiqi birləşməsindən formalist bir nümayişdir."

Rejissor həmçinin çox sayda kəlməni tamaşanın mətnindən çıxarmağa məcbur qaldığını açıqlayıb:

"Təəssüflə, mətndə olan bir çox sözlər və ifadələrin üzərinə xətt çəkildi və məcbur alternativ ifadələrdən istifadə etdik. Mənim məqsədim Füfzulinin dili və ahənginə sadiq qalmaq idi. İzləyicinin səbri çatdıqca onun şeirlərinə yaxın bir dildən istifadə etmək istəyirdim."

Forum

XS
SM
MD
LG