Accessibility links

Narkotik ticarətində ittiham olunan inanclıya hökm oxunub


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində inanclı Bəxtiyar Babaşova hökm oxunub.

Oktyabrın 18-də baş tutan məhkəmə iclasında o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Bəxtiyar Babaşov satış məqsədilə külli miqdarda narkotik əldə etməkdə təqsirli bilinirdi. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə ittiham irəli sürülmüşdü.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Balaxan Həsənəliyev Bəxtiyar Babaşova 7 il 6 ay həbs cəzası istəyib.

Bəxtiyar Babaşovun həyat yoldaşı Arzu Abdulla Amerikanın Səsinə açıqlamasında bildirib ki, vəkilin qaldırdığı vəsatətləri məhkəmə rədd edib:

"Vəkil Zibeydə Sadıqova müdafiə çıxışında bildirdi ki, Bəxtiyar Babaşovun ittihamı nə istintaq araşdırmasında, nə də məhkəmə araşdırmasında öz təsdiqini tapıb. Bu isə işin araşdırılmasına mane olub. Eyni zamanda, Bəxtiyar Babaşovu saxlayan Nərimanov rayon polis idarəsinin narkotiklə mübarizə bölməsinin əməkdaşları Vüsal Həsənli və Fariz Babayevin verdiyi ifadələr ziddiyyət təşkil edib. Vəkilin şahidlərlə bağlı anten məlumatların yoxlanılması tələbini də məhkəmə rədd edib".

Məhkəmə prosesində Bəxtiyar Babaşov son sözlə çıxış edib. O öz çıxışında bildirib ki, ictimai fəaliyyətinə görə şərlənərək həbs edilib:

"5 min dindarı tutub narkotik ittihamıyla salıblar içəri. Belə çıxır ki, ölkənin bütün dindarları narkotacir imiş? Mən həmişə insanları narkotikdən uzaq dayanmağa çağırmışam. İbadətlə məşğul olan adamam. Narkotik ittihamı mənim adıma yapışmır. Mənə psixoloji təsirlər göstərib, istədiklərinə qol çəkdiriblər. Düşünmüşəm ki, məhkəmə ən ali orqandır, gedib orda sözümü deyəcəm", təqsirləndirilən şəxs bildirib.

Hakim qısa müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, Bəxtiyar Babaşov barəsindəki Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə) maddəsi 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə) maddəsilə əvəz edilib.

Bəxtiyar Babaşovun vəkili məhkəmə hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib.

Bəxtiyar Babaşov 2023-cü ilin 9 mart tarixində saxlanılıb. Martın 11-də Nərimanov məhkəməsinin hökmü ilə onun haqqında 4 aylıq istintaq müddəti təyin edilib.

Forum

XS
SM
MD
LG