Accessibility links

Samvel Şahmaryan “Dağlıq Qarabağ Respublikasının” ləğv edilmədiyini deyib


Samvel Şahramanyan Yerevanda etirazçıların qarşısına çıxıb
Samvel Şahramanyan Yerevanda etirazçıların qarşısına çıxıb

Oktyabrın 20-də bir qrup Qarabağ ermənisi etiraz aksiyası keçirərək “Dağlıq Qarabağın Yerevandakı nümayəndəliyi”nin ofisinin önündə toplaşıb. Etirazçılar ötən ay buraxılan tanınmamış “Dağlıq Qarabağ Respublikasının” lideri Samvel Şahmaryanla görüş tələb ediblər.

Azadlıq Radiosunun Ermənistan xidmətinin məlumatına görə, etirazçıların önünə çıxan Samvel Şahmaryan onların bəziləri ilə görüş keçirməyi təklif edib.

“Mən atdığım bütün addımlara və qəbul etdiyim bütün qərarlara görə sizin hamınızın qarşısında məsuliyyət daşıyıram. Amma bizim başqa vətənimiz də var. Bu, Ermənistandır. Biz onun taleyini təhlükə altında qoya bilmərik”, Şahmaryan deyib.

Rəsmi Bakının “anti-terror əməliyyatları” adlandırdığı, 19 sentyabr tarixində başladılan bir günlük əməliyyatlardan sonra “Dağlıq Qarabağ Respublikasının” buraxılmasına dair fərman imzalamış Samvel Şahmaryan, bunu hərbi əməliyyatların dayandırılması üçün etdiyini deyib.

“Əgər bilsəydik ki, bu hərbi əməliyyatda qalib gələ bilərik, son qədər gedərdik. Biz öz övladlarımızı, dinc əhalinin həyatını xilas etdik. Müharibə bir saata dayanmasa, onlar şəhərə girib uşaqları öldürəcəkdilər”, Şahmaryan əlavə edib.

“Dağlıq Qarabağ Respublikası”nın ləğv olunmadığını deyən Şahmaryan, bildirib ki, “heç bir sənəd xalqın yaratdığı respublikanı ləğv edə bilməz” O, həmçinin sənədlə bağlı çoxlu məsələlərin olduğunu, ancaq bu barədə ictimai şəkildə danışa bilməyəciyini qeyd edib.

Qızıl Xaç Qarabağda humanitar fəaliyyəti davam etdirir
Qızıl Xaç Qarabağda humanitar fəaliyyəti davam etdirir

Qızıl Xaç Komitəsi Qarabağda qalanlara yardımları davam etdirir

Azərbaycanın sentyabrın 19-da həyata keçirdiyi 24 saatlıq hərbi əməliyyat nəticəsində tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın buraxılması və 100 mindən artıq Qarabağ ermənisinin Ermənistana köçməsindən sonrakı ötən bir ay ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bölgədə humanitar fəaliyyətini davam etdirir.

BQXK köçüb getməyə imkanı olmayan və ya öz evlərində qalmağı seçən azsaylı insanları tapmaq, yardım etmək üçün icmalara baş çəkir. Ucqar ərazilərdə yerləşən kiçik kəndlərdə və obalarda hələ də insanların qaldığını deyən BQXK nümayəndəsi Kris Pul, onların tez bir zamanda tapılmasının vacib olduğunu qeyd edir.

“Qarşıdan qış gəlir. Şəxsi təcrübəmdən bilirəm ki, burada qış çox sərt keçir. Bu ərazilərə zəruri təcrübə və materiallarla vaxtında çatmağımız önəmlidir”, Kris Pul qeyd edib.

BQXK-nın çərşənbə günü yaydığı məlumatda şəhərlərdə qalan azsaylı insanlarla daimi təmasda olduqlarını, onlara qida və tibbi yardımın göstərildiyini və yaxınları ilə əlaqə saxlamaq üçün imkan yaradıldığını qeyd edir.

Avropa İttifaqı Qarabağ erməniləri ilə bağlı vəziyyəti izlədiyini deyir

Avropa İttifaqı Azərbaycanın keçirdiyi hərbi əməliyyatların ardınca 106 mindən artıq Qarabağın erməni əhalisinin Ermənistana köçü ilə bağlı çətin vəziyyəti narahatlıqla izlədiyini bildirib.

Qarabağda qalan və ehtiyac içində olan insanlara, eləcə də Ermənistana köçənlərə davamlı və maneəsiz humanitar dəstəyin təmin edilməsinin zəruri olduğunu bildirən Aİ, Azərbaycanı Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini, o cümlədən onların öz evlərində ləyaqətlə, qorxu və ayrı-seçkilik olmadan yaşamaq hüququnu təmin etməyə, habelə köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına imkan yaratmağa çağırıb.

“Biz prezident İlham Əliyevin Qarabağ erməniləri ilə sülh şəraitində yaşamaq və onların hüquqlarını qorumaq istəyi ilə bağlı ictimai fikirlərini qeyd edirik. Azərbaycanın əhalinin taleyi ilə bağlı başlıca məsuliyyəti var və bunun üçün maddi, konkret və şəffaf təminatlar olmalıdır. Əhəmiyyətli etimad quruculuğu tədbiri kimi biz bütün Qarabağ erməniləri və onların nümayəndələri üçün hərtərəfli amnistiya gözləyir və bütün tərəfləri sərt ritorikadan çəkinməyə çağırırıq” Aİ-nin Avropa Şurasındakı nümayəndəliyinin bəyanatında qeyd edilir.

Aİ həmçinin həm Azərbaycanın, həm də Ermənistanın suverenliyinə, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dəstəyini bəyan edib, Azərbaycanı Almatı bəyannaməsinə uyğun olaraq Ermənistan ərazi bütövlüyünə sadiqliyini birmənalı şəkildə təsdiqləməyə çağırıb.

Avstriya Parlamenti Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən qətnamə qəbul edib

Avstriya Parlamenti oktyabrın 19-u qəbul etdiyi qətnaməsində Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyib. Qətnamədə əməliyyatların 100 mindən artıq Qarabağ ermənisinin köçməsi ilə nəticələndiyi bildirilir, Avstriyanın Federal hökuməti və Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması və danışıqların davam etdirilməsinə xidmət edən səylərə dəstək verməyə çağırılır.

Bundan əlavə, avstriyalı parlamentarlar Qarabağda qalan əhalinin hüquqları və mədəni irsinin qorunmasına, beynəxalq humanitar təşkilatların bölgədə humanitar fəaliyyəti maneəsiz davam etdirə bilməsi üçün şərait yaradılmasına çağırıb.

Azərbaycan Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin bütün hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini vəd edib və reinteqrasiya planını açıqlayıb.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın buraxılmasından sonra 100 mindən artıq erməni sakin Qarabağı tərk edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG