Oktyabrın 20-də ictimai fəal Əmrah Təhməzov həbs müddəti başa çatdığı üçün azadlığa buraxılıb.
Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə 30 sutka inzibati həbs cəzası alıb.
İctimai fəal sentyabrın 19-da Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldığı barədə paylaşım edib. O bildirib ki, çağırılma səbəbi sosial şəbəkələrdə müharibə əleyhinə yazdıqlarıdır.
Bir gün sonra isə Əmrah Təhməzov evinə Baş Prokurorluğun əməkdaşlarının gəldiyi haqqında məlumat yayıb.
İctimai fəal Əmrah Təhməzov bu ilin may ayında da 30 sutka inzibati həbs cəzası alıb. Fəal İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə ittiham olunub.
Təhməzov o zamankı həbsinin səbəbinin hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayev üçün İlham Əliyevə vurğu ilə yazdığı tənqidi statusun olduğunu deyib.
Forum