Accessibility links

İranın Zəncan şəhərində Milli Türk Festivalı keçirilir


1-ci Milli Ölkə Türklərinin Ayin və Ənənə Festivalı - Zəncan
1-ci Milli Ölkə Türklərinin Ayin və Ənənə Festivalı - Zəncan

İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan, Qum və Qəzvin vilayətlərindən çox sayda sənətçi cümə axşamı Zəncanda başlayan üç günlük 1-ci Milli Ölkə Türklərinin Ayin və Ənənə Festivalına qatılıb.

Musiqi və teatr kimi sahələrdə fəaliyyət göstərən bəzi sənətçilər İran mediasına müsahibədə həm əhalinin göstərdiyi rəğbət, həm də əsərlərini ifa etmək imkanına diqqət çəkərək festivalı yüksək qiymətləndiriblər.

İrfan Sərbəst Teatrının təşəbbüsü və Zəncan vilayətinin sənət qurumları və mədəniyyət baş idarəsinin dəstəyi ilə təşkil olunan festivalda İranda türklərin yaşadığı müxtəlif bölgələrə məxsus aşıq nağılları və ənənəvi nümayişlər səhnəyə çıxır.

Rəsmi dövlət agentliyi İRNA-nın yazdığına görə, festivalda türkcə hekayələr, qədim yerli oyunlar və türk ayinlərinə əsaslanan incəsənət nümunələri, eləcə də aşıq hekayələri, əfsanələr və həmasələr ifa edilir.

İran Tətbiqi Sənətlər Əncüməninin saytında yayımlanan festival proqramında, festivalda səhnələşən nümayişlərdən "Su ritualı", "Koroğu və Cəfər Paşa nağılı", "Baba Neysan", "Təkəmçinin nağılı", "Kərəm", "Yenə yapraqlar düşür", "Ağ qoyun, qara qoyun", "Aşıq Qərib və Şahsənəm", "Kosa keçəl" və "Aşıq Alı və Əsmər" kimi əsərlərin adları qeyd olunub.

Milli Türk Festivalı - Zəncan (Mənbə: Zəncanın Səsi qəzetinin saytı)
Milli Türk Festivalı - Zəncan (Mənbə: Zəncanın Səsi qəzetinin saytı)

Ölkə Türklərinin 1-ci Ayin və Ənənə Festivalının keçiriləcəyinə dair xəbərlər təqribən 4 il əvvəldən bəri yayılırdı. Ancaq, rəsmi açıqlamalara görə, pandemiya və digər səbəblər üzündən festival keçən illərdə təşkil oluna bilməyib.

Daha əvvəl yayılan xəbərlərdə festivalın bəzi proqramlarının Zəncanın İmam Xomeyni Mədəniyyət Kompleksində, bir çox nümayişin isə şəhərin Səbzə Meydanında açıq havada ifa ediləcəyi bildirilmişdi. Ancaq, havanın soyuqluğu irəli sürülərək bütün nümayişlər mədəniyyət kompleksində icra edilib.

İran Mədəniyyət Nazirliyinin saytı və digər internet səhifələrində yazılanlara görə, Zəncan əhalisi nümayişləri geniş rəğbətlə izləyir. Festivalın münsiflərindən Hüseyn Abbasniya festivalın ilk dəfə keçirildiyinə diqqət çəkərək deyib ki, "əhalinin bu qədər rəğbət göstərəcəyini gözləmirdim."

Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindən "Kosa keçəl" adlı nümayişlə festivala qatılan rejissor Məhəmməd Hacı Əhmədli festivalın İrandakı türk icmaları arasında birlik və həmrəylik yaratdığını qeyd edib. Mədəniyyət Nazirliyinin veb səhifəsinə istinadən Əhmədli deyib ki, "bu festival ölkənin türkləri arasında birlik və həmrəylik yaradır. Bunun davam edəcəyini və hər il keçiriləcəyini ümid edirik."

Festivalda "Aşıq Qərib və Şahsənəm" hekayəsini ifa edən Aşıq Hüseyn İbrahimi xüsusilə uşaqların aşıq nağıllarına göstərdiyi rəğbətin təqdirəlayıq olduğunu ifadə edib.

Türk Festivalının direktoru Əmir Səhami şənbə günü İRNA-ya deyib ki, "bu tədbir unudulmuş ayinlər və adət-ənənələri yenidən canlandırmaq üçün bir platformadır. İzləyicilər keçmişin ayinləri və dini-milli kimliyi ilə tanış olur. Təəssüflə, biz Qərb kimliyinin gənclər və yeniyetmələr arasına nüfuz etdiyini görürük. Bu səbəblə qədim ayinlər və adət-ənənələri tanıtdırmağa çalışmışıq."

Forum

XS
SM
MD
LG