Accessibility links

Nurlan Qəhrəmanlı: Sülh çağırışlarıma və jurnalistika fəaliyyətimə görə həbs olunmuşam


Nurlan Libre (Qəhrəmanlı)
Nurlan Libre (Qəhrəmanlı)

Oktyabrın 21-də jurnalist Nurlan Qəhrəmanlı (Libre) inzibati həbs müddəti bitdiyinə görə azadlığa buraxılıb.

Amerikanın Səsinə danışan jurnalist bildirib ki, Baş Prokurorluqda döyülüb:

"Həbs olunan gün evdə idim və qapıma mülki geyimli şəxslər gəldi. Məni zorakılıqla həbs edib Baş Prokurorluğa apardılar. Prokurorluqda məndən telefonumun şifrəsini açmağımı istədilər, buna etiraz edəndə məni döydülər".

Nurlan Qəhrəmanlı deyir ki, ona Baş Prokurorluqda yazdığı statuslara görə həbs olunduğunu deyiblər.

"Mən düşünürəm ki, konkret olaraq jurnalistika fəaliyyətimə, həmçinin sülh çağırışları etdiyimə görə həbs olunmuşam. Artıq 1 aydır ki, telefonum Baş Prokurorluqdadır, telefonumu geri ala bilmirəm, telefonumu vermirlər", jurnalist qeyd edib.

Jurnalist bildirb ki, fəaliyyətinə davam edəcək:

"Bu həbs məni qorxutmur, sülh çağırışlarıma, tənqidi jurnalistika fəaliyyətimə davam edəcəm. Ölkədə baş verən problemlərlə bağlı reportajlar hazırlamağa davam edəcəm. Həbslər, işgəncələr bizi sındıra bilməz, yolumuzdan döndərə bilməz".

İddialarla bağlı Baş Prokurorluqdan mövqe almaq mümkün olmayıb.

Sentyabrın 21-də jurnalist Nurlan Qəhrəmanlıya 30 sutka inzibati həbs cəzası verilib. Jurnalistə qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham irəli sürülüb.

Sentyabrın 13-də isə jurnalist Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. O bildirib ki, DTX-da paylaşımlarına görə zorlama ilə təhdid olunub.

DTX-dan iddia ilə bağlı cavab verilməyib.

Sentyabrın 20-də ictimai fəallar Nemət Abbasov, Əmrah Təhməzov və keçmiş diplomat Emin İbrahimovun da müharibə əleyhinə paylaşımlar etdiyinə görə həbs olunduğu bildirilir. Onların hər birinə 30 sutka inzibati həbs cəzası verilib.

Bundan əlavə, müharibəyə qarşı olan ictimai fəal Cavid Əhmədov da Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb, orada 4 saata yaxın dindirilib.

Forum

XS
SM
MD
LG