Accessibility links

Əmrah Təhməzov: Saxlama yerində tualetdən siçan çıxırdı


Əmrah Təhməzov
Əmrah Təhməzov

Oktyabrın 20-də inzibati həbsdən azadlığa buraxılan ictimai fəal Əmrah Təhməzov həbs müddətində başına gələnlərlə bağlı danışıb. Fəal deyir ki, Tərtərdə olan zaman yazdığı sülh çağırışları ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.

"Dedim ki, bir neçə günlük rayona gedirəm, sonra gələrəm və bildirdilər ki, onda gələndə görüşərik. Daha sonra mən vəkilim Zibeydə Sadıqovaya zəng elədim, o da dedi ki, denən birinci gün birlikdə gələcəyik. Zibeydə xanım da onlara zəng edib bunu demişdi, onlar da razılaşmışdılar. Biz dostlarımla Tərtər postunu keçəndə mənə bir nəfər zəng elədi və özünü Bərdə Rayon Prokurorluğunun müavini kimi təqdim elədi, harada olduğumu soruşdu. Dedi sən mütləq bura gəlməlisən, daha sonra da inzibati həbs cəzası verdilər".

Saxlanılma şəraitindən danışan Əmrah Təhməzov bildirib ki, dostlarının ona göndərdiyi sovqatların yarısından çoxu mənimsənilib və ona verilməyib.

"Həbsdən çıxandan sonra bilmişəm ki, neçə nəfər mənə pul gətirib verib, amma onu da mənimsəyiblər, bundan da şikayət verəcəm. Bilərəkdən narkotik aludəçilərini mənim yanıma salmışdılar. Zorakılıq olmasa da, qeyri-insani rəftarla üzləşmişəm. Vəkilim mənimlə əlaqə qurmaq üçün zəng edib, onunla da danışmağa icazə verməyiblər. Gəncə Apellyasiya məhkəməsində isə hakim dedi ki, mən səninlə hakim kimi yox, vətəndaş kimi danışıram, "sənin yazdığın kişiliyə uyğun gəlmir". Küçə söyüşləri ilə danışırdı, dedim ki, mən sizə məəttəl qalmışam. Təsəvvür edin, hakim deyir ki, "rədd ol, apellyasiya şikayətin təmin olunmur". Dostlarım 100 manatlıq bazarlıq ediblərsə, onun 10 manatlıq nəyinisə yanıma keçiriblər", deyə fəal bildirib.

Əmrah Təhməzov Bərdə Rayon Polis İdarəsinin saxlama yerində yataq dəstlərinin də dəyişdirilmədiyini deyib:

"Ombudsmanın köməkçisi gələndə yataq üzlərini sərirdilər, o gedəndən sonra çıxarırdılar. Loru dildə desəm siçan yuvasına bənzəyirdi. Saxlama yerinin pəncərəsi yox idi, içəridən də çox pis qoxu gəlirdi. Nə isidici var idi, nə də yorğan. 30 gün ərzində cəmi bir dəfə anamla danışmağa icazə veriblər, o da ehtiyacım olan şeyləri deməyə çatdırırdım. Atama bir blok siqaret aldırıblar, amma atam bilir ki, mən siqaret çəkən deyiləm, daha sonra siqaretləri rəisin dükanında satıblar. Rayonda dərəbəylikdir, sanki oğru qanunları ilə idarə olunur. Mənə gətirilən pulun heç bir manatını da görməmişəm, ümumilikdə yaxınlarım mənim üçün 200 manata yaxın pul verib. Ümumiyyətlə orada isti su da yox idi, adicə şampunu da yanıma buraxmamışdılar. Tualetdən siçan çıxırdı, butulka tıxırdıq ki, siçan çıxıb kamerada gəzməsin. Qısası, orada nə etsələr, başına nə gəlsə heç kimin xəbəri olmur".

İddialarla bağlı aidiyyəti qurumlardan mövqe almaq mümkün olmayıb.

Əmrah Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə 30 sutka inzibati həbs cəzası alıb.

İctimai fəal Əmrah Təhməzov bu ilin may ayında da 30 sutka inzibati həbs cəzası alıb. Fəal İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə ittiham olunub.

Təhməzov o zamankı həbsinin səbəbinin hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayev üçün İlham Əliyevə vurğu ilə yazdığı tənqidi statusun olduğunu deyib.

Forum

XS
SM
MD
LG