Accessibility links

Meyn ştatında silahlı hücumda azı 18 nəfərin həlak olduğu bildirilir


ABŞ-ın Meyn ştatının Luiston şəhərində iki ayrı yerdə baş verən silahlı hücum nəticəsində azı 18 nəfərin həlak olduğu, təxminən 60 nəfərin yaralandığı bildirilir.

Meyn ştatının dairə polisinin məlumatına görə, atəş açmaqda şübhəli bilinən şəxs bu yaxınlarda psixi sağlamlıq müəssisəsinə yerləşdirilən hərbi təlim keçmiş silah təlimatçısıdır.

Reuters agentliyinin verdiyi məlumata görə, çərşənbə günü axşam ştat polisi atışma haqqında xəbərdarlıq edərək, sakinləri təcili yardım xidməti avtomobillərinin keçməsinə imkan vermək üçün evdə və yollardan kənarda qalmağa çağırıb.

Luiston Polis Departamenti Facebook səhifəsində şübhəlinin 40 yaşlı Robert Kard olduğunu qeyd edərək, onun “silahlı və təhlükəli” olduğunu bildirib.

Polis daha əvvəl yarı-avtomatik tüfənglə atəş açdığı ehtimal edilən şübhəlinin üç fotosunu yayımlayıb.

Androskoqqin dairəsinin şerifinin ofisi şübhəlinin qəhvəyi rəngli pencək və cins şalvar geyinmiş, əlində tüfəng tutan saqqallı adamın fotoşəkillərini yayımlayıb.

“Luistonda aktiv atıcı var. Biz insanlardan sığınacaq tapmalarını xahiş edirik. Qapılarınızı bağlayıb evinizdə qalın. Hazırda hüquq-mühafizə orqanları bir neçə istiqamətdə araşdırma aparır”, Meyn ştatının polisi əvvəllər Twitter kimi tanınan X sosial media platformasında bildirib.

The Sun Journal qəzeti Luiston polisinin sözçüsünə istinadən üç fərqli yerdə atışmanın olduğu haqda məlumat verib. Bunlar Sparetime Recreation boulinq meydançası, Schemengees Bar & Grille restoranı və Walmart ticarət mərkəzidir.

Boulinq meydançası bardan təxminən 6,5 km şimalda, ticarət mərkəzi isə bardan təxminən 2,5 km cənubda yerləşir.

Luiston şəhərindəki Meyn Tibb Mərkəzi “kütləvi itkilərlə nəticələnən hadisəyə cavab verdiyini” və xəstələri qəbul etmək üçün bölgə xəstəxanaları ilə koordinasiya etdiyini bildirib.

Luiston Meyn ştatının ən böyük şəhəri olan Portlenddən 56 km şimalda yerləşir.

Reuters agentliyinin məlumatına əsasən, ABŞ prezidenti Co Bayden hadisə ilə bağlı məlumatlandırılıb.

Ağ Evdən verilən məlumata görə, prezident şəxsən Meyn ştatının qubernatoru Canet Mills, senator Anqus Kinq və Syuzan Kollinz və konqresmen Cared Qolden ilə telefonla danışıb və silahlı hücumdan sonra federal dəstək təklif edib.

Forum

XS
SM
MD
LG