Accessibility links

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda ilk külək elektrik stansiyasının tikintisini maliyyələşdirəcək


Yeni Yaşma Külək Parkı (Arxiv foto)
Yeni Yaşma Külək Parkı (Arxiv foto)

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinə 197,1 milyon ABŞ dolları (186,9 milyon avro) məbləğində sindikatlaşdırılmış kredit hesabına Azərbaycanda 240 meqavatlıq (MVt) "Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisini maliyyələşdirəcək.

EBRD bildirir ki, yeni stansiya ölkədə kommunal miqyaslı ilk külək enerjisi layihəsi və Qafqaz regionunda ən böyük layihə olacaq. Layihə OPEC Beynəlxalq İnkişaf Fondu ilə birgə maliyyələşdiriləcək.

“240 MVt gücündə bərpa olunan elektrik stansiyası istismara verildikdən sonra ildə 893 gigavat/saata qədər təmiz elektrik enerjisi istehsal edəcək. Hər il 400 000 tondan çox karbon qazı emissiyalarının azalacağı gözlənilir”, məlumatda qeyd edilir.

EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Nandita Parşad bildirib ki, keçən il bank regionlarda bərpa olunan enerji, "yaşıl hidrogen" və "yaşıl" duzsuzlaşdırma layihələrinin çatdırılması üçün uzunmüddətli tərəfdaşı “ACWA Power” şirkəti ilə anlaşma memorandumu imzalayıb.

“Bu memorandum sayəsində EBRD əhatə etdiyi regionlarda bərpa olunan enerjinin meqavatdan gigavata qədər artırılması ilə bağlı bu vədin demək olar ki, 1,5 GVt-ına artıq nail olub”, o qeyd edib.

“ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arcelli isə bildirib ki, “ACWA Power” Azərbaycanın 2030-cu ilə qədər enerji tələbatının 30 faizini bərpa olunan mənbələrdən ödəmək məqsədinə çatmasına kömək etməkdə əsas rol oynamağa həvəslidir.

“Davamlılıq öhdəliyimiz sərhədləri aşır və bu vacib layihədə başqa bir mərhələdə də qeyd etdiyimiz kimi, bütün maraqlı tərəflərimizin dəstəklənməsini gözləyirik", Arcelli qeyd edib.

OPEC Fondunun baş icraçı direktoru Əbdülhəmid Əlxəlifə bildirib ki, OPEC Fondu xarici investisiyaları və dövlət sektoru üçün özəl sektorun maliyyələşdirilməsini təşviq etməklə Azərbaycanın enerji landşaftında dəyişiklik edəcək Xızı-Abşeron külək enerjisi layihəsində əsas tərəfdaş olmaqdan qürur duyur.

Abşeron və Xızıdakı külək enerjisi layihəsi keçən il Qaradağda sənaye miqyaslı ilk günəş elektrik stansiyasına investisiya qoyuluşundan sonra həyata keçirilir. EBRD ilə Azərbaycan arasında 2022-ci ilin dekabrında imzalanmış anlaşma memorandumunda öz əksini tapmış investisiyalar, eləcə də texniki əməkdaşlıq və siyasət dialoqu vasitəsilə ölkənin iddialı "yaşıl" gündəliyinin həyata keçirilməsi üçün əsas vasitədir.

Qeyd edək ki, EBRD Qafqaz regionunda mühüm institusional investordur. Bank bu günə kimi Azərbaycanda 188 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyub və diqqətini ölkə iqtisadiyyatını şaxələndirməyə və "yaşıl" iqlim hədəflərini dəstəkləməyə yardım edib.

Xatırladaq ki, oktyabrın 26-da Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub.

Qaradağ Günəş Elektrik Stansiyası MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkədə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb.

Oktyabrın 26-da həmçinin Azərbaycan hökuməti və Birləşmiş Ərərb Əmirliklərinin “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur.

2006-cı ildə əsası qoyulmuş Masdar şirkəti 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 QVt-dan çox olan layihələr icra edib.

Forum

XS
SM
MD
LG