Accessibility links

Avropa Şurasının milli azlıqların müdafiəsi üzrə Məşvərət Komitəsinin üzvləri Azərbaycanda səfərdə olub


Oktyabrın 23-dən 27-dək Avropa Şurasının milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə Məşvərət Komitəsinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Heyət milli azlıqların müdafiəsi sahəsində əldə olunan irəliləyişi qiymətləndirəcək.

Bu barədə Avropa Şurası oktyabrın 31-də məlumat yayıb.

Məlumatda deyilir ki, bu, missiyanın Azərbaycana beşinci səfəridir. Missiya Bakı, Lənkəran, Quba və Xınalıqda hakimiyyət, vətəndaş cəmiyyəti və milli azlıqların nümayəndələrilə görüşlər keçirib, Çərçivə Konvensiyasının icrası müzakirə edilib.

"Nümayəndə heyəti hökumət təmsilçilərilə görüşdə Qarabağdakı vəziyyətlə bağlı suallar qaldırıb. Səfər Azərbaycanda Çərçivə Konvensiyasının reallaşması ilə bağlı Məşvərət Komitəsinin beşinci rəyinin hazırlanması çərçivəsində baş tutub. Sənədin 2024-cü ildə qəbul ediləcəyi gözlənilir", məlumatda deyilir.

Avropa Şurası Məşvərət Komitəsinin Azərbaycan üzrə əvvəlki rəyi 2019-cu ilin fevralında dərc edilib. Komitə "çoxmillətli Azərbaycanda hakimiyyətin azlıqların mədəniyyətinin dəstəklənməsi üzrə geniş tədbirlər həyata keçirdiyini" etiraf edərək, diqqəti "gənclərin multikulturalizm və tolerantlıq sahəsində maarifləndirilməsi" səylərinə yönəldib.

Bununla belə, hesabatda deyilir ki, milli azlıqlar öz fikirlərini ifadə etmək hüququnda məhdudiyyətlərə malikdir, ana dilini öyrənməkdə çətinlik çəkirlər.

Azərbaycan hakimiyyəti hesabatın bəzi müddəaları ilə razı olmadığını bildirib.

"Ölkədəki milli azlıqların hüquqları "Azərbaycan Konstitusiyasında və digər hüquqi aktlarda təsbit edilmiş möhkəm hüquqi əsaslar üzərində qurulur", Azərbaycan hökuməti hesabatla bağlı öz şərhində bildirib.

Forum

XS
SM
MD
LG