Rusiya Ukraynanın Qara dəniz sahilindəki Odesa limanını raket və dronlarla vurub. Nəticədə ən azı 8 nəfər yaralanıb və şəhərin tarixi mərkəzindəki məşhur incəsənət muzeyi və yaşayış binalarına böyük ziyan dəyib. Noyabrın 6-da Ukrayna rəsmiləri bildiriblər dron qalıqları həmçinin taxıl anbarlarında yanğına səbəb olub.
Region qubernator Oleh Kiper ilkin olaraq hücumda beş sakinin yaralandığını bildirsə də sonradan yaralıların sayı səkkizə çatdı.
Kiper Telegram-da yazıb ki, raketlər şəhər mərkəzini və istifadəsiz qalan bir sənaye binasını hədəf alıb. O bildirir ki, hücum nəticəsində şəhərin YUNESKO-nun dünya irsi siyahısında olan çoxmərtəbəli yaşayış binaları və Odesa Milli İncəsənət Muzeyi zədələnib.
Cənub hərbi komandanlığının sözçüsü Natalya Humenyuk bildirib ki, Rusiya noyabrın 6-da səhər tezdən cənub bölgələrinə müxtəlif növ raketlər və hücum pilotsuz təyyarələri ilə hücum edib.
Humenyukun sözlərinə görə Odesa şəhəri “İskəndər-M” və “Oniks” raketləri, eləcə də İran istehsalı olan “Şahed” pilotsuz uçan apparatları tərəfindən hücuma məruz qalıb.
Həm Humenyuk, həm də Kiper 15 PUA-nın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu xəbər verir. Kiper əlvə edib ki, pilotsuz təyyarələrin dağıntıları liman ərazisindəki taxıl anbarlarına ziyan vurub.
Şəhərin YUNESKO-nun dünya irsi siyahısında olan və limana yaxın ərazidə yerləşən Odessa Milli İncəsənət Muzeyi 124 illik yubileyini qeyd etdiyi gün Rusiyanın raket hücumuna məruz qalıb.
Digər tərədən cəbhə xəttində döyüşlər davam edir. Ukrayna ordusunun Baş Qərargahı noyabrın 6-da səhər saatlarında gündəlik hesabatında bildirib ki, cəbhə xəttində Ukrayna qüvvələri son 24 saat ərzində 53 yaxın məsafəli döyüşlər keçirib.
Rusiya qoşunlarının son bir neçə həftədir ələ keçirməyə çalışdıqları Donetskin şərq bölgəsindəki Avdiyivka sənaye şəhəri ətrafında şiddətli döyüşlər gedir. Rusların hava dəstəyindən istifadə etməsinə baxmayaraq, Ukrayna əsgərləri Avdiyivka bölgəsində 10 hücumu dəf edib. Üstəlik Rusiya qüvvələrinin avqust ayında Ukrayna hərbçiləri tərəfindən azad edilmiş Robotin kəndini geri almağa çalışdığı Zaporijjya bölgəsində də döyüşlər davam edir.
Noyabrın 5-də ABŞ televiziyasına müsahibə verən Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonu ölkəsinə Rusiya işğalına qarşı mübarizədə kömək etmək üçün əlavə yardım göstərməyə çağırıb.
"Rusiya hamımızı öldürsə, onlar NATO ölkələrinə hücum edəcəklər və siz oğul və qızlarınızı döyüşə göndərəcəksiniz," Zelenski NBC telekanalına bildirib.
Forum