Accessibility links

Blinken Yaponiyada Böyük Yeddilər sammitində iştirak edir, Qəzzada müharibə diqqət mərkəzindədir


ABŞ Dövlət Katibi Antoni Blinken, Xarici İşlər Naziri Yoko Kamikava, 7 noyabr 2023-cü il.
ABŞ Dövlət Katibi Antoni Blinken, Xarici İşlər Naziri Yoko Kamikava, 7 noyabr 2023-cü il.

Böyük Yeddilər (G7) Qrupunun xarici işlər nazirlərinin Tokioda keçirilən zirvə toplantısında İsrail-HƏMAS münaqişəsi diqqət mərkəzindədir.

ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, G7 qrupunun xarici işlər nazirlərinin görüşləri üzv ölkələrin İsrail-HƏMAS müharibəsi və Qəzzada baş verən humanitar böhrana cavab olaraq “bir səslə” çıxış etməsi üçün vacib məqamdır.

Blinken çərşənbə axşamı Yaponiyanın baş naziri Fumio Kişida və xarici işlər naziri Yoko Kamikava ilə ikitərəfli danışıqlar aparıb.

Yaponiya Böyük Yeddilər qrupunun çərşənbə axşamı və çərşənbə günü Tokioda keçiriləcək iclaslarına sədrlik edir. Müzakirələr Qəzzada müharibədə humanitar fasiləyə çağırışların artması fonunda baş verir.

Görüşün əvvəlində Kamikava Yaponiyanın “HƏMAS və digər Fələstin militantlarının oktyabrın 7-də törətdiyi terror hücumlarını” “birmənalı şəkildə pislədiyini” və aralarında ABŞ vətəndaşlarının da olduğu girovların tezliklə azad ediləcəyinə ümid etdiyini bildirib.

“Biz ABŞ-ın İsrail və Fələstindəki son vəziyyətlə bağlı diplomatik səylərini yüksək qiymətləndiririk. Bizim maksimum dəstəyimiz var” - deyə, Kamikava bildirib.

Yaponiyanın xarici işlər naziri əlavə edib ki, beynəlxalq ictimaiyyət Ukraynada və Şərqi Asiyada digər problemlərlə üzləşdiyi bir vaxt “Yaponiya ilə ABŞ arasında möhkəm birlik bu dövrdə xüsusilə vacibdir”.

Blinken Kamikava və Yaponiyanın digər yüksək səviyyəli rəsmilərinə bildirib ki, “G7-nin bu böhran qarşısında bir araya gəlməsi və yekdil bir səslə danışması üçün çox vacib andır”.

Yaponiya “bütün birbaşa tərəfləri beynəlxalq hüquqa uyğun hərəkət etməyə”, münaqişədə gərginliyini azaltmağa çağırıb və eyni zamanda bütün girovların azad edilməsini müdafiə edib. Yaponiya həmçinin Qəzza zolağında ağır humanitar ehtiyacların azaldılmasına kömək etmək üçün vəsait ayıracağını vəd edib.

Kamikava Yaxın Şərqə son səfəri zamanı İsrailin Qəzza zolağında HƏMAS-ın hədəflərinə qarşı hücumlarına humanitar fasilə verməyə çağırıb.

Fransanın xarici işlər naziri Katerine Kolonna da Qəzzada “dərhal humanitar atəşkəs” çağırışlarını təkrarlayıb və bunun atəşkəsə gətirib çıxarmalı olduğunu bildirib.

Birləşmiş Ştatlar Qəzzada humanitar fasilələri dəstəkləyir, lakin tam atəşkəsi rədd edir. ABŞ rəsmiləri belə bir addımın HƏMAS militantlarınna yenidən qruplaşmaq və gələcək hücumlar həyata keçirməyə imkan verəcəyini bildirib.

G7 üzvləri mülki itkilərin minimuma endirilməsinin vacibliyini getdikcə daha çox vurğulasalar da, İsrailin hərəkətlərini birbaşa tənqid etməkdən böyük ölçüdə çəkiniblər.

Forum

XS
SM
MD
LG