Accessibility links

BMT Baş katibi: Qəzza uşaqlar üçün məzarlıqdır


BMT-nin Baş katibi Antonio Quterreş təcili olaraq Qəzzada humanitar atəşkəs üçün müraciət edib. Onun sözlərinə görə, Qəzza hər gün yüzlərlə fələstinli uşağın “qəbiristanlığına” çevrilir.

Təhlükəsizlik Şurası istənilən addımı atmaqda dalana dirənir. O, Birləşmiş Millətlər Təşkilatında jurnalistlərə deyib: "Gələcək yol aydındır.Humanitar atəşkəs". Onun sözlərinə görə, bütün tərəflər beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərinə də hörmət etməlidirlər və silahlı münaqişənin heç bir tərəfi ondan üstün deyil.

O, oktyabrın 7-də İsrail daxilində HƏMAS-ın terror aktı zamanı girov götürdüyü 240 kişi, qadın və uşaq haqqında deyib: "Bu, Qəzzada girovların qeyd-şərtsiz azad edilməsi deməkdi. Mən onların dərhal azad edilməsi üçün çalışmaqdan heç vaxt imtina etməyəcəyəm" - deyə, BMT-nin Baş katibi əlavə edib.

Quterreş deyib ki, beynəlxalq humanitar hüquqa hörmət etmək həm də mülki şəxslərin müdafiəsi, o cümlədən mülki şəxslərdən canlı qalxan kimi istifadə edilməməsi, xəstəxanalar, BMT obyektləri, Qəzzada sığınacaqlar və məktəblər, həmçinin mühasirəyə alınan ərazilərə yardım və yanacağın həcminin artırılması deməkdir.

İsrailin Baş naziri Benyamin Netanyahu bütün girovlar azad edilmədikcə humanitar fasilələrin olmayacağını vurğulayıb.

Quterreş "Qəzzadakı kabusun" sadəcə humanitar böhran deyil, "bəşəriyyətin böhranı" olduğunu deyib və bildirib ki, münaqişə tərəfləri, eləcə də beynəlxalq ictimaiyyət iztirabları dayandırmaq üçün məsuliyyət daşıyır.

Bazar ertəsi günü Qəzzada HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi İsrailin hücumlara başlamasından bəri bu ərazidə fələstinlilərin sayının 10 minə çatdığını bildirib.

Baş katib Qəzzada hər gün ölən və yaralanan yüzlərlə uşaq, öldürülən onlarla jurnalist və BMT-nin yardım işçiləri üçün narahatlığını ifadə edib.

Fələstinlilərə yardım edən təşkilat UNRWA oktyabrın 7-dən bəri 89 əməkdaşını itirib. Bəziləri ailə üzvləri ilə birlikdə öldürülüb.

"Biz bu qəddar, dəhşətli, əzablı dağıntıdan çıxış yolu tapmaq üçün indi hərəkətə keçməliyik", Quterreş deyib.

BMT bütün yardımların genişləndirilməsinə çağırıb . Oktyabrın 21-də İsrailin məhdud yardıma icazə verməyə başlamasından bəri su, qida və tibbi ləvazimat daşıyan 500-dən az yük maşını Qəzzaya buraxılıb. İsrail hələ də yanacağı qadağan edir və HƏMAS-ın onu döyüş maşınına yönəldəcəyini deyir.

Forum

XS
SM
MD
LG