Accessibility links

Zelenski deyir ki, Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələri daha çox NASAMS sistemləri sayəsində gücləndirilib


Prezident Volodimir Zelenski Ukraynanın soyuq qış mövsümündə Rusiyanın ölkənin enerji infrastrukturunu hədəf alan hava hücumlarında gözlənilən artıma hazırlaşdığı bir vaxtda Qərb tərəfindən təchiz edilmiş daha çox NASAMS hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyini açıqlayıb.

"Tərəfdaşlardan gələn əlavə NASAMS sistemləri döyüş növbəsinə gətirilib" deyə Zelenski Telegramda yazıb. Zelenski bunun "qışdan əvvəl hava hücumundan müdafiə sistemlərimizin vaxtında gücləndirilməsi" olduğunu qeyd edib, lakin əlavə olaraq yerləşdirilən NASAMS sistemlərinin sayı barədə məlumat verməyib.

Ukraynanın enerji infrastrukturu keçən qış mövsümü Rusiyanın raket və pilotsuz təyyarələrinin zərbələri ilə müntəzəm olaraq hədəfə alınıb. Bu da insan tələfatı və zərərlə nəticələnib, eləcə də dondurucu temperaturda qaranlıq və soyuqda qalan milyonlarla insanın həyatını daha da çətinləşdirib.

ABŞ rəsmiləri keçən həftə bildiriblər ki, Vaşinqtonun Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) və NASAMS üçün döyüş sursatları, eləcə də digər silah növləri üçün nəzərdə tutulmuş 125 milyon dollar da daxil olmaqla, Ukraynaya 425 milyon dollarlıq yeni hərbi yardım göndərəcəyi gözlənilir.

NASAMS adı ilə tanınan Milli Qabaqcıl Yer-Hava Raket Sistemləri yüksək mobilliyi olan, şəbəkəli, qısa və orta mənzilli hava hücumundan müdafiə sistemidir və ilk dəfə keçən ilin noyabrında Ukraynaya çatdırılıb. Sistem ABŞ və Norveç tərəfindən birgə hazırlanıb.

ABŞ-ın müdafiə naziri Lloyd Austin o zaman demişdi ki, Ukraynada yerləşdirilən NASAMS Rusiya raketlərini zərərsizləşdirməkdə 100 faiz nəticə əldə edib.

Bu arada, Ukraynanın hava hücumundan müdafiə qüvvələri noyabrın 7-də Rusiyanın ballistik raketlərdən istifadə edərək daha çox zərbə endirməsi ehtimalı ilə bağlı xəbərdarlıq edib.

"Hava hücumu siqnalı elan edilən ərazilərdə ballistik raketlərdən istifadə təhlükəsi var. Hava hücumu siqnallarına etinasızlıq göstərməyin. Ən yaxın sığınacağa doğru gedin", hərbi qüvvələrin noyabrın 7-də günortadan sonra verdiyi bəyanatında deyilir.

Noyabrın 7-də Rusiya Müdafiə Nazirliyi Moskvanın işğal etdiyi Krım bölgəsinə Ukraynaya məxsus pilotsuz təyyarənin hücumunun Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən bir gecədə dəf edildiyini bildirib.

"Doqquz dron məhv edilib, digər səkkiz pilotsuz təyyarə Krımın Qara dəniz sahillərində ələ keçirilib" - deyə, nazirliyin açıqlamasında bildirilir. Rusiya tərəfindən təyin edilmiş Sevastopol qubernatoru Mixail Razvozhayev isə bölgə səmasında beş pilotsuz təyyarənin vurulduğunu bildirib.

Sevastopol Rusiya Qara Dəniz Donanmasının bazasıdır.

Forum

XS
SM
MD
LG