Accessibility links

Demokratlar Ohayo, Kentukki və Virciniya ştatlarında mühüm qələbələr əldə ediblər


Noyabrın 7-də ABŞ-ın müxtəlif ştatlarında keçirilən seçkilərdə demokratlar və abort hüquqları müdafiəçiləri bir sıra qələbələr əldə ediblər. Bu seçkilər ABŞ-da növbəti prezident seçkilərinə bir il qalmış keçirilib.

Ohayo ştatında seçicilər abort və reproduktiv sağlamlığın digər formalarına əlçatımlığı təmin edən konstitusiya düzəlişini təsdiqləyiblər.

Düzəliş ABŞ Ali Məhkəməsinin keçən il abort hüquqlarını qoruyan 1972-ci il tarixli "Ro Veydə qarşı" qərarını ləğv etməsindən sonra həyata keçirilir. Ohayo məhkəmənin qərarı ilə abort qadağasının qüvvəyə mindiyi bir neçə ştatdan biri idi.

Ohayodan əvvəl Kaliforniya, Kanzas, Kentukki, Miçiqan, Montana və Vermont da daxil olmaqla bir sıra digər ştatlarda seçicilər keçən il Ali Məhkəmənin qərarından sonra aborta əlçatımlığı qorumaq üçün təşəbbüslər təsdiq edilər.

Kentukki ştatında keçirilən qubernator seçkilərində hazırkı qubernator, Demokrat partiyasının təmsilçisi Endi Beşer yenidən qalib gələrək vəzifəsini qoruya bildi. Beşer seçki kampaniyası dövründə abortun az qala mütləq qadağan olduğu ştatda istisnaların tətbiqini təşviq edirdi.

Virciniya ştatında isə seçicilər Respublikaçı Qubernator Qlen Yanqkinin ştatda qanunverici orqanın öz partiyasının nəzarətinə keçməsi ümidlərini rədd ediblər. Demokratlar Virciniya ştatının Senatında kiçik səs çoxluğunu qorumağa və ştatın Nümayəndələr Palatasında çoxluğu qazanmağa müvəffəq olublar.

Yanqkin, zorlama, qohumluq əlaqəsi və ya ananın həyatı risk altında olduğu hallar istisna olmaqla, Virciniyada hamiləliyin 15 həftəsindən sonra aborta qadağa qoyulması təklifi irəli sürüb. Qanunverici orqandakı Demokrat çoxluğun bu cəhdin qarşısını alacağı gözlənilir.

Çərşənbə axşamı Qubernator Teyt Rivzin demokrat Brandon Preslini məğlub etdiyi Missisipi ştatında isə respublikaçılar qalib gəldilər.

2024-cü ilin noyabrında ABŞ-da seçki cədvəli olduqaca dolu olacaq. Belə ki, prezidentliyi uğrunda yarışlar, ABŞ Nümayəndələr Palatasındakı 435 yerin hamısı və 100 nəfərlik ABŞ Senatında 33 yer üçün yeni seçkilər keçiriləcək.

Bununla bərabər, Demokrat Dayan Faynstinin ölümü və Respublikaçı Ben Sassinin universitet prezidenti olmaq üçün istefa verməsindən sonra boş qalan iki yer üçün də xüsusi seçkilər keçiriləcək.

Hazırda Demokratlar Senatda cüzi çoxluğa, Respublikaçılar isə Nümayəndələr Palatasında kiçik çoxluğa malikdir.

2024-cü ildə 11 ştatda qubernator seçkiləri keçiriləcək, 50 ştatın əksəriyyətində seçicilər qanunvericilik yarışlarında səs verəcəklər.

Forum

XS
SM
MD
LG