Accessibility links

Putin Rusiya və Çini yüksək texnologiyalı silahlar üzrə əməkdaşlığa çağırıb


Rusiya prezidenti Vladimir Putin çərşənbə günü yüksək vəzifəli Çin hərbi liderini qabaqcıl müdafiə texnologiyaları üzərində əməkdaşlıq edərək, xalqlarının hərbi əməkdaşlığını gücləndirməyə təşviq edib.

Putin Çin ordusunun ikinci komandiri general Zhang Youxia ilə görüşdən əvvəl televiziya ilə çıxışında iddialı silah layihələri ilə bağlı tərəfdaşlıqlardan danışıb.

“Mən kosmosu, o cümlədən yüksək orbitli aktivləri və həm Rusiyanın, həm də Çin Xalq Respublikasının strateji təhlükəsizliyini təmin edəcək yeni perspektivli silah növlərini nəzərdə tuturam” - deyən Putin konkret məlumat verməyib.

Pekin keçən il "məhdudiyyətsiz" bir münasibət quracağını elan etmişdi. Lakin beynəlxalq araşdırma fonunda Şi administrasiyası bu ritorikanı geri götürüb.

Bununla belə Çin-Rusiya əlaqələri hələ də güclüdür. Putin daha əvvəl proqnozlaşdırmışdı ki, Rusiya-Çin ticarəti bu il rekord həddə - 200 milyard dollara çatacaq. Ukraynada müharibə başlayandan bəri Pekin Moskvanın əsas ticarət tərəfdaşı olub və Qərbin sanksiyalarına baxmayaraq, Rusiya iqtisadiyyatını ayaqda saxlamağa kömək edib.

Ötən həftə Pekində keçirilən hərbi forumda Zhang “Rusiya ilə strateji əməkdaşlığı və koordinasiyanı dərinləşdirməyə” söz verib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu da forumda iştirak edərək Çin-Rusiya tərəfdaşlığının “nümunəvi” formada olduğunu deyib.

Çərşənbə günü görüş zamanı Putin Çinin köməyi ilə Rusiyanın təsir dairəsini Asiya-Sakit okean regionuna genişləndirməyi planlaşdırdığını bildirib.

"ABŞ getdikcə daha çox alyans üzvlərini Asiya-Sakit okean regionunda gərginliyi qızışdırmağa cəlb edir və öz eqoist maraqlarından çıxış edərək, region ölkələri də daxil olmaqla yeni hərbi-siyasi ittifaqlar yaratmağa çalışır" deyə, o bildirib.

Rusiya və Çinin cavabı “sakit və balanslı” olduğunu deyən Putin iki ölkənin təhlükəsizliklərini artırmaq üçün birgə hərbi hava qüvvələri və donanma təlimləri keçirdiklərini izah edib.

Zhang Putini NATO-nun təzyiqinə boyun əymədiyinə görə tərifləyib: “Sizin rəhbərliyiniz altında Rusiya Federasiyası Qərbin sanksiyaları qarşısında möhkəm dayanaraq, sizin və Rusiyanın heç bir çətinlik qarşısında əyilməyəcəyini göstərir”.

Çərşənbə günü səhər saatlarında Zhang Rusiyanın müdafiə naziri Şoyqu ilə görüşüb.

Şoyqu vurğulayıb ki, “bəzi aqressiv Qərb ölkələrindən fərqli olaraq, biz hərbi blok yaratmırıq”. Onun sözlərinə görə, Çin-Rusiya tərəfdaşlığı “etimad və hörmətə əsaslanan strateji qarşılıqlı fəaliyyət nümunəsi göstərəcək”.

“Biz quruda, havada və dənizdə müntəzəm əməliyyat və döyüş təlimləri keçiririk və müxtəlif səviyyəli mürəkkəblikdə çiyin-çiyinə döyüş hazırlığı tapşırıqlarını uğurla yerinə yetiririk” deyən Şoyqu əlavə edib ki, “Bütün bu hərəkətlər üçüncü ölkələri hədəf almır və yalnız bir-birinin maraqlarına uyğun olaraq həyata keçirilir”.

Forum

XS
SM
MD
LG