Accessibility links

Qənimət Zahid: Siyasi təqiblər həm də hakimiyyətin xarici siyasətindən qaynaqlanır


Qənimət Zahid: Siyasi təqiblər həm də hakimiyyətin xarici siyasətindən qaynaqlanır
please wait

No media source currently available

0:00 0:06:42 0:00

Azərbaycanda siyasi-ictimai fəallara qarşı təqiblər barədə Amerikanın Səsinə danışan Azadlıq qəzetinin Fransada mühacirətdə yaşayan baş redaktoru Qənimət Zahid siyasi motivli həbslərin daha da artacağını deyir.

Amerikanın Səsi: Qənimət bəy, ötən ay yayımlanan siyahıya əsasən Azərbaycanda 200-dən artıq siyasi məhbus var. Siyasi-ictimai fəalların həbslərinin son aylarda daha da intensivləşdiyi müşahidə edilir. Sizcə həbslərin artması nədən qaynaqlanır?

Qənimət Zahid: Bu proses yeni deyil və bundan sonra daha şiddətlə davam edəcək. Siyasi motivli həbslər get-gedə artacaq. Əlbəttə, bizdə 231 siyasi məhbusun olduğu deyilir, amma məncə bu, tam siyahı deyil. Siyahı həm özü haqqında məlumat vermiş şəxslərin hesabına tərtib olunub, həm də çoxlu sayda insanlar var ki, onlar hüquq-müdafiə təşkilatlarının diqqətindən kənarda qalırlar.

Amma təqiblər bundan sonra da artacaq. Çünki bu, Azərbaycan hakimiyyətinin yalnız daxili siyasi ritorikası və yanaşmasına bağlı deyil, insan hüquqları, siyasi motivli təqiblər məsələsi bundan sonra hakimiyyətin xarici siyasət məntiqindən güc alaraq şiddətlənəcək. Azərbaycanda indi Avropa ilə münasibətləri gərginləşdirmək xətti götürülüb. Bu, sadəcə olaraq “bizə bir düşmən lazımdır” qənaəti deyil, eyni zamanda ölkəni idarə edən zümrənin özünün siyasi taleyi ilə bağlı olan bir məsələdir.

Baxın, son zamanlar Azərbaycan rəsmiləri “çin-aksentli” bir siyasət yürütməyə çalışır və ya türk dövlətləri ilə hansısa əlaqələr üzərindən ictimai rəydə manipulyasiyalar edirlər. Müsəlman ölkələri, Qoşulmama hərəkatı kimi amorf, heç bir faydası, effektiv siyasi-iqtisadi nəticələri olmayan qurumlar. Yəni Azərbaycan hökuməti hesab edir ki, siyasi islahalatlar, hətta iqtisadi islahatlar onun ölkədə idarəetmə limitini məhdudlaşdıra bilər. Bu arzuolunmaz prosesin qarşısını almaq üçün onlara dünyanın salamat qalmış avtoritar mərkəzlərində, klublarında təmsilçilik lazımdır və bu da Azərbaycanın həmin standartlara yaxınlaşdırılmasını zəruri edir. Çin standartlarına, Türkmənistan standartlarına, hətta bir az cəsarətli davrana bilsələr, Şimali Koreya standartlarına doğru seçilmiş davamlı siyasi kurs. Məhz ona görə siyasi təqiblər də, siyasi məhbusların da sayı artacaq. Bu, cəmiyyəti daha da qaranlıqlaşdırmaq niyyəti ilə edilir və çox təəssüf ki, bəzi uğurlar da var.

Amerikanın Səsi: İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan hakimiyyətinin demokratik yumşalmaya gedəcəyinə dair mülahizələr var idi. Bunun baş vermə ehtimalı varmı? Sizin bu istiqamətdə proqnozlarınız nədir?

Qənimət Zahid: Var idi elə proqnozlar. Proqnozların əsas leytmotivi o idi ki, qalib xalqla əvvəlki kimi davranmaq mümkün olmayacaq. Açığı məndə elə illüziyalar olmayıb, əksinə 2020-ci ildə hərbi kampaniyalar başa çatdıqdan sonra mən demişdim ki, Azərbaycanda müqəddəs korrupsiya erası başlayır. İşğaldan azad edilən, azərbaycan xalqının uzun illər həsrətlə baxdığı o ərazilərdə Azərbaycanın suverenliyinin bərpa edilməsi, oraları istər-istəməz ictimai rəydə müqəddəs coğrafiyaya çevirir. Və o müqəddəs coğrafiyada həm qapalı, həm də böyük ölçüdə korrupsiya başlayacaq. Korrupsiya varsa, bu əlbəttə cəhalətin dərinləşdirilməsi, ictimai rəyin kütləşdirilməsi, eyni zamanda ictimai rəy mexanizminin özünün sıradan çıxarılması hesabına baş verir. Bu isə repressiyaların şiddətləndirilməsini zəruri edir.

Bir də məsələnin başqa tərəfi var. Həm Azərbaycan hakimiyyəti bütövlükdə, həm də onun başında dayanan İlham Əliyevin hərbi qələbədən necə istifadə edəcəyinə dair illüziyalar olmamalı idi. İlham Əliyev bir avtoritar liderdir, diktatordur, üstəlik korrupsioner bir diktatordur və o, qələbələrdən bu zamanadək olan idarəetməni daha da sərtləşdirərək öz hakimiyyəti üçün daha uzunmüddətli qarantiyaların yaradılması məqsədi ilə istifadə edəcək.

Tamam, qalib xalqın müqaviməti, qürur göstəriciləri bir qədər yuxarı ola bilərdi. Bu kimi proqnozlar da vermək olardı. Ancaq Azərbaycan hakimiyyəti də bunu hesablamamış deyildi. Ona görə də müharibədən dərhal sonra genişçaplı repressiyalara kimlərinsə təxəyyülündə formalaşa biləcək bu qənaətlərin qarşısını aldılar.


Qeyd: Azərbaycanın yerli insan hüquqları təşkilatlarının oktyabr ayında yaydığı siyahıya əsasən hazırda Azərbaycanda 235 siyasi məhbus var. Son zamanlar AŞPA, Avropa Parlamenti də daxil olmaqla, bir sıra yerli və beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini siyasi motivli təqibləri dayandırmağa və insan hüquqlarına hörmət etməyə çağırıb.

Öz növbəsində Azərbaycan hakimiyyəti rəsmiləri bir qayda olaraq insanların əqidəsinə görə təqib edilmədiyini, vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir. Rəsmi Bakı ölkədə bütün hüquq və azadlıqların qorunduğunu, vətəndaş cəmiyyətinin, o cümlədən medianın sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını bildirir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG