Accessibility links

Gürcüstanda Azərbaycan və Rusiya vətəndaşlarının saxlanıldığı bildirilir


Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin emblemi (Rəsmi foto)
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin emblemi (Rəsmi foto)

Azərbaycan və Rusiya vətəndaşlarının Gürcüstanda İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham edilərək saxlanıldığı bildirilir.

Azərbaycan mediasının məlumatına görə, noyabrın 11-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin anti-terror mərkəzi tərəfindən İŞİD terror qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinərək saxlanılan iki əcnəbidən biri Azərbaycan vətəndaşı, digəri Rusiya vətəndaşıdır.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin anti-terror mərkəzi həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində iki xarici ölkə vətəndaşını saxlayıb.

“Tbilisidə iki yerdə antiterror mərkəzi xüsusi əməliyyat keçirib. Araşdırmalar nəticəsində müxtəlif növ elektron informasiya qurğuları, hərbi təyinatlı silahlar, üz maskaları, elektrikşok aparataları, xarici ölkənin saxta şəxsi sənədləri, partlayıcı maddələr, xüsusi hazırlanmış partlayıcı qurğular və "İslam Dövləti" (İŞİD) simvolizminə malik terror təşkilatı bayraqları götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən Cinayət Məcəlləsinin 344-cü maddənin birinci bəndi və 236-cı maddələri ilə araşdırma aparılır. Terror mərkəzi "İslam Dövləti"nin fəaliyyətində iştirak edən saxlanılanların terror təşkilatı kimi cinayətdə əli olan digər şəxslərin görülməsi məqsədilə fəal araşdırmalar və operativ əməliyyatlar aparır”, məlumatda qeyd edilir.

Məlumata görə, saxlanılan şəxlər barəsində Gürcüstan məhkəməsi həbs qətimkan tədbiri seçib.

Gürcüstan mediası bildirir ki, məhkəmə ən ağır həbs-qətimkan tədbirinin - azadlıqdan məhrum etmənin təyin edilməsi üçün əsasların olması ilə bağlı dövlət ittihamçısının mövqeyini tam bölüşüb.

"Məhkəmə ittiham tərəfinin mövqeyini tam bölüşdü ki, hər iki təqsirləndirilən şəxsə qarşı ən ağır həbs-qətimkan tədbirinin - azadlıqdan məhrumetmə cəzasının tətbiqi üçün əsaslar var. Xüsusilə, onların qaçmaq, yeni cinayətlər törətmək və istintaqa müdaxilə etmək təhlükəsi var idi. O ki, qaldı Real şəraitdən asılı olmayaraq, bir sıra istiqamətlərdə, o cümlədən miqrantların qanunsuz yolla Gürcüstana gətirilməsi və onlara müvafiq şəraitin yaradılması, habelə partlayıcı qurğuların və döyüş sursatlarının qanunsuz əldə edilməsi və saxlanması ilə bağlı araşdırmalar davam etdirilir”, prokuror bildirib.

Saxlanılanların vəkili Ani Şişniaşvili Gürcüstan mediasına bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti sübut əldə edə bilmədiyi üçün istintaq Gürcüstan Cinayət Məcəlləsinin odlu silahların və partlayıcı vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsini nəzərdə tutan 236-cı maddəsi əsasında aparılır.

Azərbaycanın hüquq mühafizə orqanları hələ Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına münasibət bildirməyib. Saxlanılan şəxslərin kimliyi barədə məlumat verilmir.

Saxlanılan şəxslərin yaxınları da hələ Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına münasibət bildirməyib.

Forum

XS
SM
MD
LG