Accessibility links

İsrail qüvvələri HƏMAS militantlarının axtarışını apararaq Qəzzanın Şifa xəstəxanasında reyd keçirib


İsrail əsgərləri Səhiyyə Nazirliyi rəsmilərinə bir neçə dəqiqəlik xəbərdarlıqdan sonra çərşənbə günü yerli vaxtla səhər tezdən Qəzzanın Şifa xəstəxanasına reyd edərək HƏMAS militantlarının axtarışını aparıb.

“Kəşfiyyat məlumatlarına və əməliyyat zərurətinə əsasən, qüvvələr Şifa xəstəxanasında müəyyən bir ərazidə HƏMAS-a qarşı dəqiq və məqsədyönlü əməliyyat həyata keçirib”, İsrail Müdafiə Qüvvələrinin (İDF) bəyanatında deyilir. HƏMAS-ın döyüşçüləri təslim olmağa çağırılıb.

İDF bildirib ki, onun qüvvələri “mülki insanlara heç bir zərər vurmamaq məqsədi ilə bu mürəkkəb və həssas mühitə hazırlaşmaq üçün xüsusi təlim keçmiş tibb qrupları və ərəbdillilərdən” ibarətdir.

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru doktor Munir əl-Burş Əl-Cəzirə televiziyasına deyib ki, İsrail qüvvələri tibb kompleksinin qərb tərəfində reyd keçirib.

Bundan əvvəl ABŞ İsrailin HƏMAS-ın xəstəxanalardan döyüşçüləri üçün sığınacaq kimi istifadə etdiyinə dair iddialarını dəstəkləyib. İsrail deyir ki, Şifanın altında komanda mərkəzi var, HƏMAS bunu təkzib edib. HƏMAS deyir ki, təxminən 650 xəstə və 5-7 min fələstinli mülki şəxs xəstəxana ərazisinə sığınıb.

Çərşənbə axşamı günü ABŞ prezidenti Co Bayden deyib ki, Qəzzadakı xəstəxanaların "qorunması lazımdır". Prezident Bayden bir neçə gündür İsrail qüvvələrinin mühasirəsində olan şəhərin əsas tibb mərkəzi - Şifa xəstəxanasında böhranın ağırlaşması ilə bağlı xəbərlərə cavab verib.

İsrail qüvvələri Fələstin anklavındakı səhiyyə müəssisələrini HƏMAS-ın komandanlıq mərkəzlərini və silahlarını gizlətmək üçün onlardan pərdə kimi istifadə etdiyi iddiasına görə hədəf almaqda davam edir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Air Force One təyyarəsində jurnalistlərə bildirib ki, HƏMAS və Fələstin İslami Cihad üzvləri Şifadan komanda-nəzarət qovşağını idarə edir və hərbi əməliyyatlarına dəstək vermək və girovları saxlamaq üçün altındakı tunellərdən istifadə edirlər. O, militantların orada silah saxladığını deyib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş çərşənbə axşamı verdiyi açıqlamada "Qəzzada bir neçə xəstəxanada dəhşətli vəziyyətdən və dramatik həyat itkilərindən dərin narahatlıq keçirdiyini" bildirib.

Sərhədsiz Həkimlər təşkilatı çərşənbə axşamı günü 100-dən çox işçisi və ailə üzvlərinin qaldığı Əl-Şifa obyekti yaxınlığındakı üç binadan birinə güllələr atıldığını bildirib.

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, elektrik enerjisinin olmaması səbəbindən mühasirə başlayandan bəri xəstəxanada üçü körpə olmaqla 40 xəstə ölüb. Rəsmilər deyir ki, işçilər 100-dən çox insanı basdırmaq üçün xəstəxananın həyətində kütləvi məzarlıq qazıblar. Təchizatları tükənən həkimlərin uşaqlar da daxil olmaqla, yaralı xəstələri anesteziyasız əməliyyat etdikləri deyilir.

Forum

XS
SM
MD
LG