Accessibility links

Hökuməti tənqid edən təbrizli parlamentarlar seçkidən kənarlaşdırılıb


Iran
Iran

Gələn il martın 1-də İranda parlament seçkiləri keçiriləcək. İranın Konstitusiyaya Nəzarət Şurası və Daxili İşlər Nazirliyinin Seçki İcra Heyəti nəzarəti altında keçirilən parlament seçkiləri mötədil tənqidçilər tərəfindən çox sayda tənqidlərlə üzləşir, İran rejiminin əleyhdarları isə seçkiləri ümumiyyətlə tanımır və boykot edirlər.

Ölkə daxilində tənqidçilər hökuməti parlamentdə fikir ayrılıqlarını azaltmağa və səsləri eyniləşmdirməyə çalışmaqda ittiham edir və bu proseslə İran rejiminin daha da diktaturaya çevriləcəyi barədə xəbərdarlıq edirlər.

Bu tənqidçilər əsasən İranda 11-ci parlament seçkilərində geniş diskvalifikasiya ilə siyasi səhnədən uzaqlaşdırılan islahatçı fraksiyadandır. Hazırda 290 üzvlük İran parlamentində islahatçıların cəmi 20 yeri var. Ölkədə 2020-ci il may ayında keçirilən 11-ci parlament seçkilərində 90 deputat diskvalifikasiya edilib. Həmin parlament fundamentalist millət vəkillərinin sayının çox olmasından dolayı İran mətbuatında və bəzi rəsmilər tərəfindən “İnqilabçı Məclis” kimi təqdim edilib. Bir çox keçmiş fundamentalist millət vəkillərinin kənarlaşdırıldığı həmin parlamentdə İbrahim Rəisi hökumətinin həyata keçirmək istədiyi layihələr asanlıqla təsdiq edilib.

Təbriz millət vəkili Məsud Pezeşkiyan
Təbriz millət vəkili Məsud Pezeşkiyan

12-ci parlament seçkiləri yaxınlaşır və həmin parlamentin bəziləri üvləri Daxili İşlər Nazirliyinə bağlı olan Seçki İcra Heyəti tərəfindən diskvalifikasiya edilib. İran mediasında namizədliyi rədd edilən 25 millət vəkilinin siyahısı yayılıb. Siyahıda Əhməd Əlirzabeygi, Məsud Pezeşkiyan və Əlirza Munadi daxil olmaqla, Təbrizin üç millət vəkili yer alıb. Vərziqandan millət vəkili Allahverdi Dehqani də səlahiyyəti rədd edilən deputatlardan olub.

Seçkidən kənarlaşdırılan deputatların siyahısına nəzər saldıqda, onların arasında hakimiyyəti tənqid edən nümayəndələrin də olduğunu görmək olar. Bu siyahıda Təbrizin parlamentdəki iki nümayəndəsi, İbrahim Rəisi hökumətini tənqid edən Məsud Pezeşkiyan və Əhməd Əlirezabeygi diqqət çəkib.

İbrahim Rəisi hökumətini tənqid edən Şərqi Azərbaycan vilayətinin Bostanabad şəhərindən olan millət vəkili Nuri Qızılca da həmin siyahıdadır. O, İran mediasına verdiyi müsahibələrdə, hökumətin hicab və internet ilə bağlı azadlıqları məhdudlaşdıran layihələrini tənqid edib.

Məsud Pezeşkiyan, Əhməd Əlirzabeygi və Qulamrza Nuri Qızılca müxtəlif müsahibələr verib, hökumətin Məhsa Əmini hadisəsinə, ardından ölkədə baş tutan ümummilli etirazlara və ümumilikdə hicab məsələsinə yanaşmasını tənqid ediblər.

Məsud Pezeşkiyan dörd dəfə millət vəkili seçilib. O, Asriran saytına diskvalifikasiya edilməsinə dair verdiyi son reaksiyasında deyib ki, "[...] onlar beləliklə insanları seçki qutusundan qaçırır. Bunlar sistemə qarşıdırlar. Həmin adamlar sistemi çətinliklərlə üzləşdirir."

Qulamrza Nuri Qızılca da Khabaronline saytına verdiyi müsahibədə, diskvalifikasiya edilməsini "hökumətin intiqamı" olaraq dəyərləndirib və hökumətin bundan əvvəl "seçki mühəndisliyi" etmək niyyətində olduğunu bildirib.

Eyni xəbər saytı daha əvvəl bir məqaləsində iddia etmişdi ki, diskvalifikasiya edilmiş nümayəndələrin əksəriyyəti İffət və Hicab planını və internetlə bağlı layihəni tənqid edənlərdir.

Təbrizin digər millət vəkili Əhməd Əlirzabeygi isə İbrahim Rəisi hökumətinin tənqidçisi olsa da, bəzi məclis üzvlərinin SMT nazirliyindən rüşvət almasını irəli sürməsi nəticəsində “yalan yaymaq” ittihamı ilə bir il həbsə məhkum edilərək, müzakirələrə səbəb olmuşdu. Həmin həbs hökmü onun diskvalifikasiya edilməsinin səbəbi kimi göstərilib.

Hazırda Təbrizin parlamentdə Əlirzabeygi və Pezeşkiyandan başqa 4 millət vəkili var ki, onlar fundamentalist cərəyandan olub Rəisi hökumətinə yaxınlığı ilə tanınırlar.

Bundan əvvəlki parlament seçkilərində fəallıq təxminən 42% olub və bu da İslam Respublikası seçkilərində fəallığın ən aşağı səviyyəsidir. İran Azərbaycanında ümumiyyətlə milli fəallar və siyasi təşkilatlar seçkiləri boykot edir və hazırkı İran rejimində azad və ədalətli seçkilərin keçirilməsi üçün əlverişli şəraitin olmadığını düşünürlər.

Forum

XS
SM
MD
LG