Accessibility links

Azərbaycanın Fransadakı səfiri Paris merini faktları təhrif etməməyə çağırıb


Leyla Abdullayeva
Leyla Abdullayeva

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris meri Ann İdalqoya ünvanladığı açıq məktubunda Azərbaycanda erməni əsirlərin olmadığını qeyd edib və onu faktları təhrif etməməyə çağırıb.

“Sülhün əlçatan olduğu bu tarixi anda Paris merinin üzərinə tarixi məsuliyyət düşür. O isə həqiqətlə barışmaq əvəzinə faktları yenidən yazmaqla məşğuldur. Davamlı sülh perspektivi alovu körükləmək yox, məsələlərə adekvat yanaşmaq tələb edir”, Abdullayeva vurğulayıb.

Paris meri Ann İdalqo ötən həftə keçirdiyi mətbuat konfransında qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağdan olan 55 əsiri dərhal və qeyd-şərtsiz azad etməlidir. İdalqo həmçinin Azərbaycan hökumətini Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti aparmaqda, Qarabağ ermənilərinin mədəni irsini məhv etməkdə günahlandırıb.

Səfir Leyla Abdullayeva İdalqonun səsləndirdiyi fikirlərin yanlış məlumatlara əsaslandığını, Azərbaycanda erməni əsirlərin olmadığını, məhkəmə qarşısına çıxarılanların cinayət törətmiş şəxslər olduğunu, bununla yanaşı həmin şəxslərin özünümüdafiə hüququndan faydalandığını yazıb. Azərbaycanın Qarabağın erməni əhalisinə geri dönməsi üçün müraciət ünvanladığını bildirən Abdullayeva, onların Azərbaycan vətəndaşı kimi bütün hüquqlarının qorunacağını qeyd edib.

Azərbaycan sentyabrın 19-da ölkənin konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün Qarabağda “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Növbəti gün Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul edib və hərbi əməliyyatlar dayandırılıb.

Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın buraxılmasından sonra 100 mindən artıq erməni sakin Qarabağı tərk edib.

Azərbaycan Qarabağdakı separatçı qurumun sabiq başçılarını və cinayət törətməkdə ittiham etdiyi digər bir neçə şəxsi həbs edib.

Ermənistan Azərbaycanı “etnik təmizləmə siyasəti” aparmaqda günahlandırıb. Bakının apardığı əməliyyatlar bir sıra ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən pislənib.

Rəsmi Bakı “etnik təmizləmə” ilə bağlı ittihamları qəti şəkildə rədd edir, Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin bütün hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini deyir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG