Accessibility links

AŞPA məruzəçiləri Ülvi Həsənlinin azad edilməsinə çağırıb


Ülvi Həsənli
Ülvi Həsənli

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri bazar ertəsi həbs edilən "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənlinin dərhal azadlığa buraxılmasına çağırıb.

AŞPA-nın "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər" üzrə məruzəçisi Hanna Bardell, media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçi Mogens Yensen və siyasi məhbuslar üzrə baş məruzəçi Sunna Evarsdottir noyabrın 22-də yaydıqları birgə bəyanatda Həsənlinin həbsi və pis rəftara məruz qalmasına dair xəbərlərdən narahatlıq ifadə ediblər.

"Biz Ülvi Həsənlinin, görünür, onun hökumətin korrupsiyası ilə bağlı araşdırmalarının susdurulması məqsədi ilə həbs edilməsindən dərin narahatlıq ifadə edirik. Biz eyni zamanda onun Azərbaycan hakimiyyəti tərəfindən pis rəftara məruz qalmasına dair xəbərlərdən narahatıq", bəyanatda qeyd edilir.

Ülvi Həsənlinin bu ilin əvvəlində AŞPA-nın üç komitəsinin təşkil etdiyi Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlərə dair birgə dinləmələrdə iştirak etdiyini xatırladan məruzəçilər onun Assambleya ilə əməkdaşlığa və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını hesab etdiklərini bildiriblər.

"Biz onun həbsini tənqidin susdurulması, Azərbaycanda müstəqil səsləri və media azadlığının əngəllənməsi hesab edirik. Bu, Azərbaycan hakimiyyətinin jurnalistlərə, hüquq müdafiəçilərinə və hökumətin ssenarisinə sadiq qalmayan hər kəsə qarşı repressiyasının növbəti nümunəsidir ki, Avropa Şurasına üzv dövlətdə bu, qəbul oluna bilməz”, məruzəçilər əlavə ediblər.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) ötən ilin oktyabrında Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusunu araşdırmaq üçün məruzəçi təyin edib. Ülvi Həsənli bu ilin aprel ayında AŞPA-nın bu mövzu üzrə keçirdiyi dinləmələrdə çıxış edərək Azərbaycanda media azadlığı və jurnalistlərin təhlükəsizliyinə qarşı təhdidlər, habelə "Media haqqında" yeni qanunun gətirdiyi məhdudiyyətlər barədə məlumat verib.

Sevinc Vaqifqıvı və Ülvi Həsənli
Sevinc Vaqifqıvı və Ülvi Həsənli

Jurnalistləri Müdafiə Komitəsi jurnalistlərin azad edilməsinə çağırır

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini "Abzas Media"nın direktoru Ülvi Həsənlini və baş redaktor Sevinc Vaqifqızını azad etməyə, xəbər saytının digər əməkdaşı Məhəmməd Kekalov barədə ictimaiyyətə məlumat verməyə çağırıb.

"Ülvi Həsənli və Sevinc Vaqifqızına verilən həbs-qətimkan tədbiri hakimiyyətin əsl məqsədini vurğulamağa xidmət edir ki, o da "Abzas Media"nın cəsarətli anti-korrupsiya xəbərlərini susdurmaqdır. Azərbaycan hakimiyyəti Vaqifqızını və Həsənlini dərhal azad etməli, Məhəmməd Kekalovun harada olduğu barədə məlumat verməli və "Abzas Media"ya ictimai maraq doğuran mühüm xəbərləri davam etdirməsinə imkan verməlidir", CPJ təmsilçisi Cipsi Gillen Kayzer qeyd edib.

Jurnalistləri Mudafiə Komitəsi bildirib ki, "Abzas Media" Azərbaycanda 2014-cü ildən bəri müstəqil media və mətbuat azadlığı qurumlarına qarşı davam edən basqınlar, həbslər və cinayət araşdırmalarından sonra ölkədə qalan bir neçə müstəqil media qurumundan biridir.

Ülvi Həsənli noyabrın 20-də Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılarkən döyüldüyünü və pis rəftara məruz qaldığını bildirib.

Ülvi Həsənli ilə yanaşı noyabrın 21-də "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı da saxlanılıb.

Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsi Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunan jurnalistlər özlərini təqsirli bilmirlər. Onlar həbslərinin peşəkar fəaliyyətləri, “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Azərbaycan Daxili İşlər Nazirliyi bazar ertəsi səhər saatlarında evindən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq aparılan "Abzas Media" əməkdaşı, ictimai fəal Məhəmməd Kekalovla bağlı iki gün sonra açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin rəisi Elşad Hacıyev saxlanılmasından iki gün sonra Məhəmməd Kekalovun cinayət işi üzrə məsuliyyətə cəlb edildiyini bildirib. "Kekalov polis orqanında saxlanılır. Əlavəm yoxdur", Hacıyev qeyd edib.

Qardaşının məlumatına görə, mülki geyimli polislər Məhəmməd Kekalovu saxlayarkən heç bir məhkəmə qərarı təqdim etməyib.

"Onun kompüteri də daxil olmaqla, şəxsi əşyaları müsadirə olunub. Anasını yaxınına buraxmadılar və evdən zorakılıqla çıxardılar", o bildirib.

Forum

XS
SM
MD
LG