Accessibility links

Norveç Helsinki Komitəsi Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqə son qoymağa çağırıb


Norveç Helsinki Komitəsi "X" (köhnə adı ilə Twitter) sosial şəbəkəsində yaydığı açıqlamada Ülvi Həsənli və Sevinc Vaqifqızının həbsini pisləməklə yanaşı, həm də Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqə son qoymağa çağırıb.

"Abzas Media tənqidi reportajları, korrupsiya haqqında məqalələri və Azərbaycanda ictimai maraq doğuran mövzuları işıqlandırması ilə tanınır. Son vaxtlar onların yüksək rütbəli Azərbaycan məmurlarına məxsus bizneslərin araşdırmaları mövcuddur", açıqlamada bildirilir.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçib.

Sevinc Vaqifqıvı və Ülvi Həsənli
Sevinc Vaqifqıvı və Ülvi Həsənli

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.

Jurnalistlərin vəkilləri Zibeydə Sadıqova və Elçin Sadıqovun sözlərinə görə, onların hər ikisi məhkəmədə ittihamları rədd edib.

Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Vəkillər Elçin Sadıqov deyib ki, Sevinc Vaqifqızı xarici ölkədən noyabrın 21-də Azərbaycana gəlib.

"Mən məhkəmədə Vaqifqızının könüllü olaraq Azərbaycana gəlməsi barədə videonu nümayiş etdirdim. Qeyd etdim ki, ittihamın sübutu yoxdur. Aşkar edilmiş məbləğin mənbəyi, haradan gətirilməsi, yerli banklardan alınması barədə hər hansı sübut yoxdur. Yəni absurd bir fərziyyə ilə ittiham verdilər və məhkəmə də həbs qətimkan tədbiri seçdi" - deyə, Sadıqov qeyd edib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, Ülvi Həsənli məhkəmədə pulun ona aid olmadğını deyib və müdafiə tərəfi bunu sübut edən arqumentlərini irəli sürüb, lakin məhkəmə bunları nəzərə almayıb.

Noyabrın 20-də səhər saatlarında ictimai fəal Məhəmməd Kekalov da evindən zorakılıqla aparılıb.

DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Kekalov müvafiq cinayət işi üzrə məsuliyyətə cəlb edilib.

"Araşdırma aparılır. Kekalov polis orqanında saxlanılır. Əlavəm yoxdur", o deyib.

İctimai fəalın qardaşının məlumatında deyilir ki, Məhəmməd Kekalov saxlanılarkən polis heç bir məhkəmə qərarı təqdim etməyib.

"Onun kompüteri də daxil olmaqla şəxsi əşyaları müsadirə olunub. Anasını yaxınına buraxmadılar və evdən zorakılıqla çıxardılar", o bildirib.

Vəkil Rövşanə Rəhimlinin məlumatına görə, Elşad Hacıyev Məhəmməd Kekalovun hansı cinayət işi üzrə, hansı maddələrlə məsuliyyətə cəlb olunduğunu açıqlamayıb.

"Dedi ki, onun vəkili var. Mən də bildirdim ki, ailəsi mənimlə müqavilə bağlayıb. Ailəsinin yeni vəkil məsələsindən xəbəri yoxdur", o bildirib.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Abzas Medianın ofisində axtarış zamanı 40 min avro müəyyən edərək götürüb. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı ittihamı qəbul etmir və "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG