Accessibility links

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyib


Ülvi Həsənli və Sevinc Vaqifqızı
Ülvi Həsənli və Sevinc Vaqifqızı

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi (ŞTVCFRK) Azərbaycanda mediaya və vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyalar və bu yaxınlarda müstəqil jurnalistlərin həbsi ilə bağlı bəyanat yayıb.

Komitənin yaydığı bəyanatda repressiyalar pislənilib, həbs edilmiş müstəqil jurnalistlərin və bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırış olunub.

"Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi müstəqil jurnalistlər – "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini və əlillərin hüquqlarının müdafiəçisi Məhəmməd Kekalovun son həbslərini, professor Qubad İbadoğlunun həbs müddətinin bu yaxınlarda uzadılmasını pisləyir və Azərbaycan hakimiyyətini fəallara, jurnalistlərə qarşı siyasi motivli təqib və təzyiqləri dayandırmağa çağırır", bəyanatda deyilir.

Komitənin bəyanatında qeyd olunur ki, professor Qubad İbadoğlunun hadisəsində olduğu kimi, polis "Abzas Media"nın ofisində də külli miqdarda nağd pul (40 min avro) aşkar edib.

"Həsənli bu pulların ona aid olmasını və onlarla hər hansı əlaqəsini inkar edir. Bu, Ülvi Həsənlinin Azərbaycan polisi ilə ilk qarşılaşması deyil: o, Söyüdlüdə (Azərbaycanın Gədəbəy rayonu) ekoloji etirazları işıqlandırdığına və ABŞ-ın Bakıdakı səfirliyi qarşısında feminist qrup tərəfindən təşkil olunmuş fləşmobu lentə aldığına görə bu il azı iki dəfə dindirilib və saxlanılıb. Ülvi Həsənli Azərbaycanda qəbul edilən "Media haqqında" qanunu və onun ölkədə media azadlığına təsirini açıq şəkildə tənqid edən azsaylı şəxslərdən biridir", bəyanatda bildirilir.

Komitə bildirib ki, 2022-ci ilin dekabrında Bəxtiyar Hacıyevin həbsi hadisəsi kimi, Kekalov 13-16 noyabr 2023-cü ildə Brüsseldə keçirilən ŞT CSF-nin İllik Assambleyasından Bakıya qayıtdıqdan qısa müddət sonra saxlanılıb.

"Kekalovun həbsindən sonra ailəsinə və dostlarına onun harada olduğu barədə heç bir məlumat verilməyib. Onlar Kekalovun həbsdə fiziki təzyiqə və işgəncəyə məruz qalmasından ehtiyat edirlər", bəyanatda qeyd edilir.

Bəyanatda bu ayın əvvəlində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının yol-nəqliyyat hadisəsi ilə bağlı həbs edilməsi də xatırladılıb. Azərbaycan hakimiyyətinin onun məhkumluğundan Hacılıya qarşı təzyiq vasitəsi kimi istifadə etməsi vurğulanıb.

"Son günlər hüquq müdafiəçiləri və jurnalistlərin hədələnməsi ilə yanaşı, noyabrın 16-da məhkəmə Qubad İbadoğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay - 2024-cü ilin fevral ayının sonunadək uzadıb. Bu yaxınlarda həyata keçirilən həbslər Azərbaycan hakimiyyətinin müxalifəti susdurmaq üçün narkotiklərin qanunsuz dövriyyəsi, narkotik vasitələrin saxlanması və xarici valyuta qaçaqmalçılığı ilə bağlı saxta ittihamlardan alət kimi istifadə etməsi praktikasına uyğun gəlir", deyə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi qeyd edir.

Sənəddə deyilir ki, ŞTVCFRK beynəlxalq ictimaiyyətə qoşulur və Azərbaycan hakimiyyətini jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, eləcə də Qubad İbadoğlu, Bəxtiyar Hacıyev və hazırda dəmir barmaqlıqlar arxasında həbsdə olan bütün siyasi məhbusları, hüquq müdafiəçilərini dərhal azad etməyə çağırır

"Biz Azərbaycan hakimiyyətini həbslər dalğasını, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyaları dayandırmağa, onların qondarma ittihamlarla mühakimə olunması tendensiyasına son qoymağa çağırırıq"– deyə, bəyanatda qeyd olunub.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycan hökumətini getdikcə sərtləşən qanunvericilikdən və hökumət nəzarətini artıran, vətəndaş cəmiyyətinin, medianın və siyasi müxalifətin fəaliyyətini məhdudlaşdıran sərt tədbirlərdən, o cümlədən 2022-ci ildə qüvvəyə minən "Media haqqında" Qanundan imtina etməyə çağırıb.

"Biz Azərbaycan hökumətini dissidentlərə və onların vəkillərinə qarşı təqib, repressiya və zorakılıq kimi narahatedici tendensiyanı dayandırmağa çağırırıq. Həmçinin Avropa İttifaqını və üzv dövlətləri Azərbaycanda siyasi motivli işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasını diqqətlə izləməyə çağırırıq"– deyə, Rəhbər Komitə bildirir.

Komitə Avropa İttifaqını və Üzv Dövlətləri Azərbaycanın hakimiyyət orqanları və hökuməti ilə təmasda olarkən Aİ-nin demokratik dəyərlərini və insan haqlarını ardıcıl surətdə dəstəkləməyə və Bakının insan hüquqları və fundamental azadlıqlar məsələsi üzrə təcrübəsini nəzərə alaraq, strateji enerji tərəfdaşlığına yenidən baxmağa çağırdığını bildirir.

Xatırlatma

Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.

Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.

Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media" xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.

Jurnalistlərin vəkilləri Zibeydə Sadıqova və Elçin Sadıqovun sözlərinə görə, onların hər ikisi məhkəmədə ittihamları rədd edib.

Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı onlara qarşı ittihamı qəbul etmir və bunun "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG