Təbrizli tələbə fəal Armita Pavir keçən il etirazlar zamanı Təbrizin Şəhid Mədəni Universitetinin qarşısında həbs edilib və daha sonra 250 milyon tümənlik girov müqabilində sərbəst buraxılmışdı.
Sentyabrın 21-də o, təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Təbriz Mərkəzi Həbsxanasının qadınlar şöbəsinə köçürülüb və o vaxtdan bəri qeyri-müəyyən müddətə həbsdədir.
Pavir həbs edilməzdən əvvəl X hesabında məhkəmə çağırışlarının nüsxələrini dərc etmişdi. Bu çağırışlarda o, "sistemə qarşı təbliğat aparmaq", "ictimai rəyi çaşdırmaq" və "ictimai asayişi pozmaq"da ittiham olunub.
Bu günlərdə sosial mediada onun Təbriz həbsxanasında aclıq aksiyası keçirdiyini bildirən səs faylı yayılıb. O həmin səs faylında deyir ki, “mənim heç bir əsas və ya ruhi xəstəliyim yoxdur və mənim başıma gələn hər hansı bir problemə məsulların və sistemin birbaşa məsuliyyəti olacaq.”
O, aclıq aksiyasına başlamasının səbəbini məhkəmə işinə baxılmaması olduğunu açıqlayıb və “Qadın, Yaşam, Azadlıq” hərəkatında iştirak etdiyinə görə peşmanlığını ifadə etmədiyi üçün təzyiqlərə məruz qaldığını bildirib.
Azərbaycan İnsan Haqları Təşkilatı noyabrın 19-da onun sağlamlıq vəziyyətinin pisləşməsi nəticəsində Təbriz həbsxanasından xəstəxanaya köçürüldüyünü bildirib. Həmin xəbərdə, Armita Pavirin iki həftəlik aclıq aksiyası nəticəsində sağlamlıq vəziyyətinin pisləşdiyi qeyd edilib.
Yayımlanan xəbərlərə görə, onun noyabrın 6-dan aclıq aksiyası keçirdiyi və vəziyyəti pisləşdiyi üçün bir dəfə xəstəxanaya aparıldığı bildirilir, amma onun məhkəmə və həbsxana rəsmilərinin vədləri ilə bu müddət ərzində bir neçə dəfə aclıq aksiyasını dayandırdığı qeyd edilib.
Lakin o, buraxdığı səs faylında yenidən aclıq aksiyasına başladığını ifadə edib.
Yayımladığı audiomüraciətdə ailəsi ilə əlaqə saxlamaq hüququnun əlindən alındığını, bu onun son zəngi ola biləcəyi üçün son mesajının ana dilində olmasına üstünlük verdiyini deyir.
Forum