Accessibility links

“Kanal 13” internet televiziyasının rəhbəri saxlanılıb


Əziz Orucov
Əziz Orucov

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov Bakının Səbail rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 188.2 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) ilə şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib.

Vəkilin sözlərinə görə, Orucov ittihamı qəbul etməyib və ittihamın jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

“Əziz dedi ki, “20-ci sahə”dəki evlərin demək olar ki, heç birinin sənədi yoxdur. Orada minlərlə sənədsiz ev var. Onların hamısına cinayət işi qaldırılmalıdır?”, vəkil jurnalistə istinadən qeyd edib.

Noyabrın 27-də saxlanılmamışdan öncə polis Əziz Orucovun yaşadığı evdə və ofisində axtarış aparıb.

Vəkil deyib ki, Orucov evində və ofisində məhkəmənin qərarı ilə axtarış aparılıb.

“Axtarışı Səbail rayon Polis İdarəsinin əməkdaşları apardı. Əziz Orucov Bakıda, “20-ci Sahə” adlandırılan ərazidə neçə illər əvvəl torpaq sahəsi alıb, guya orada qanunsuz ev tikib. Axtarış bu əsasla aparıldı. Orucovun avtomobili də saxlanılıb və avtomobilində də axtarış aparılıb”, o qeyd edib.

Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova Amerikanın Səsinə bildirib ki, yaşadıqları evdə 8 nəfər polis əməkdaşı axtarış aparıb.

“Onlardan birinin üzü açıq, qalanları maskalı idi. Nə axtardıqları barədə hər hansı məlumat vermədilər. Əzizin iki ədəd noutbukunu, işlətmədiyi telefonlarını və onun əvvəllər həbsi ilə bağlı olan sənədləri götürdülər. Evimizin hər yerini axtardılar, hətta mətbəxdə də axtarış etdilər”, o qeyd edib.

Rəsmi qurumlardan jurnalistin saxlanılması, evində və ofisində aparılan axtarışla bağlı hələ münasibət öyrənmək mümkün olmayıb.

Axtarış bəzi media vasitələrində Avropa və ABŞ təşkilatlarından ölkəyə gətirilən qrantların qanunsuz olması ilə bağlı yazıların dərcindən və “Abzas Media” internet dərgisinin direktoru, direktor müavini və baş redaktorunun həbsindən sonraya təsadüf edir.

Bundan öncə Əziz Orucov 2017-ci ilin mayında qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui istifadə ittihamı ilə saxlanılıb, 2017-ci ilin dekabrın 15-də 6 il həbsə məhkum edilib. O özünü təqsirkar bilməyib.

2018-ci il arelin 4-də Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edib.

Məhkəmə jurnalistin hərəkətində cinayət tərkibinin olmadığını nəzərə alaraq qanunsuz sahibkarlıq üzrə ittihamı Orucovun üzərindən götürüb.

Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ittihamı isə daha yumşaq ittihama tövsif edilib.

Onun cəza müddəti 3 ilədək azaldılıb və məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib - üç il sınaq müddəti olmaqla şərti cəzanın tətbiqi və jurnalistin həbsdən azad edilməsi barədə qərar qəbul edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG