Accessibility links

Təbriz və Urmiyədə təqaüdçü aksiyalarında sərt şüarlar səsləndirilib


Urmiyə - təqaüdçülərin mitinqi (İran İşçilərinin Azad Birliyinin yaydığı videonun ekran görüntüsü)
Urmiyə - təqaüdçülərin mitinqi (İran İşçilərinin Azad Birliyinin yaydığı videonun ekran görüntüsü)

İran telekommunikasiya şirkətinin təqaüdçüləri ənənə halına gətirdikləri etiraz aksiyalarını noyabr ayının 27-də bir çox ölkənin müxtəlif vilayətlərində davam etdiriblər.

Bazar günü noyabrın 26-da İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə də təqaüdçülərin mitingləri keçirilib. Sosial şəbəkələrdə Təbriz, Urmiyə, Zəncan, Ərdəbil, Bicar, Həmədan və Qəzvin şəhərlərində aksiyalar və yürüşlərin keçirildiyini göstərən görüntülər yayılıb.

Təbriz və Urmiyədə keçirilən aksiyalardan yayılan videolarda təqaüdçülərin şirkətin məsulları və İbrahim Rəisi hökümətinin rəsmilərinə qarşı sərt şüarlar səsləndirdiyi görünür.

İran telekommunikasiya şirkətinin təqaüdçülərindən bir çoxu vaxtilə İran-İraq müharibəsinə qatılmış və müharibədən sonra şirkət tərəfindən işə götürülən veteranlardır. Onların bu keçmişi səsləndirilən bəzi şüarlarda da əks olunub.

İran İşçilərinin Azad Birliyinin Telegram kanalında Urmiyə mitinqindən yayılan bir videoda təqaüdçülərin “dünənin əsgərləri bu günün məhrumları” şüarını səsləndirdikləri eşidilir. Mitinq iştirakçıları həmin şüarın ardından “dünənin haramxorları (haram yeyənlər) bu günün məsulları” şüarını səsləndiriblər.

HRA agentliyinin Təbriz mitinqindən yaydığı videolara əsasən isə təqaüdçülər şüarlar səsləndirərək məsulların “qarətçi” və “yalançı” olduğunu önə çəkiblər.

İranda müxtəlif sektorlardan təqaüddə olan vətəndaşlar aylardır ki, ölkənin bir çox vilayətində piket və yürüşlər keçirməyə davam edirlər.

Hüquq-müdafiə və əmək hüquqları qruplarının yaydığı məlumata görə, təqaüdçülər “maaşların bərabərləşdirilməsi” layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və pensiyaların həyat xərcləri və inflyasiya faizinə mütənasib artırılması kimi tələblərini gündəmə gətirirlər.

Forum

XS
SM
MD
LG