Accessibility links

Uzadılmış İsrail-HƏMAS atəşkəsi altıncı günündədir


İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs altıncı gündür davam edir. Çərşənbə günü tərəflərin daha çox girov və məhbusu azad edəcəyi gözlənilir.

Çərşənbə günü ABŞ Dövlət katibi Antoni Blinken deyib ki, "biz fasilənin uzadılmasını görmək istərdik, çünki bu, ilk növbədə girovların azad edilməsinə, onların evə qayıtması və ailələrinə qovuşmasına imkan verir". O həmçinin əlavə edib ki, "bu, həm də bizə çox ehtiyacı olan Qəzza xalqına humanitar yardımı artırmağa imkan yaradır."

Blinken, İsrailin hərbi kampaniyası, Qəzzada mülki insanların həyatının qorunması və humanitar yardımların çatdırılmasını sürətləndirmək üzərində işləmək üçün israilli və fələstinli rəsmilərlə görüşmək üçün bölgəyə səfər etməyə hazırlaşır.

İsrail çərşənbə axşamı azad edilən 12 girovun ikisindən başqa hamısının İsrail vətəndaşı olduğunu bildirib. Digər iki nəfər isə xarici vətəndaşlardır.

Öz növbəsində İsrail 30 fələstinli məhbus - 15 qadın və 15 gənci İordan çayının qərb sahilindəki həbsxana və Qüds həbsxanasından azad edib.

HƏMAS yaraqlıları oktyabrın 7-də İsrailin cənubuna hücumları zamanı 240-a yaxın adamı ələ keçirib və 1200-ə yaxın adamı öldürüblər. HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin əks-hücumu 15 mindən çox insanın ölümünə səbəb olub.

Atəşkəs İsrailin altı həftəlik intensiv hava bombardmanı və qurudan hücumundan sonra Qəzzaya ilk dəfə sakitlik gətirib.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, İsrailin ərazini bombalaması nəticəsində Qəzzanın 2,3 milyon əhalisindən 1,8 milyonu evlərini tərk edib, çox insan indi izdihamlı sığınacaqlarda qalır.

BMT-nin rəhbərlik etdiyi yardım konsorsiumu olan Shelter Network, cümə günü verdiyi hesabatda Qəzzanın mənzil fondunun 60%-dən çoxunun zədələndiyini və ya dağıldığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı isə çərşənbə axşamı Qəzzada izdihamlı şərait və sağlamlıq, su və kanalizasiya sistemlərinin pozulması fonunda infeksion xəstəliklərin böyük miqyasda artamsı riskinin yüksək olduğu barədə xəbərdarlıq edib.

Forum

XS
SM
MD
LG