Accessibility links

Ermənistan Azərbaycanı atəşkəsi pozmaqda ittiham edir


Arxiv fotosu
Arxiv fotosu

Ermənistan Müdafiə Nazirliyini ötən gün yaydığı məlumatda Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində erməni hərbçi Gerasim Avetik Arakelyanın həlak olduğunu bildirib.

Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Azərbaycanı sərhəddə təxribat törətməkdə və sülh prosesini ləngitməkdə ittiham edib.

“Azərbaycan tərəfi sərhəddə bu cür təxribatlarla, eləcə də müxtəlif beynəlxalq tərəflərin danışıqların davam etdirilməsi ilə bağlı təkliflərini davamlı olaraq rədd etməklə sülh prosesini ləngitməyə və dalana dirəməyə çalışır”, Ermənistan Xarici İşlər Nazirliyi qeyd edib.

Rəsmi Bakı Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı 4 dekabr tarixində yaydığı bəyanatını rədd edib və Ermənistan tərəfini sərhəd bölgələrində süni gərginlik yaratmaqda günahlandırıb.

“Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir”, Azərbaycan Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda vurğulayıb.

Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində insan itkisi ilə nəticələnən atışma xəbərlərindən narahatlıq ifadə edib. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İttifaqın Bakı və Yerevanla davamlı təmasda olduğunu bildirib.

“Yerdə sakitliyin hökm sürməsi və danışıqlar masası arxasında həlledici irəliləyişin əldə olunması vacibdir”, Toivo Klaar vurğulayıb.

Noyabrın 30-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın beşinci görüşü keçirilib.

Görüşə dair rəsmi məlumatda tərəflərin delimitasiya məsələləri üzrə müzakirələrə davam etdiyi, bir sıra təşkilati və prosedur məsələlərin nəzərdən keçirildiyi bildirilib.

Forum

XS
SM
MD
LG