İsrail qüvvələri Qəzzanın cənubuna diqqəti artıraraq, çərşənbə axşamı HƏMAS militantlarına qarşı döyüşləri davam etdirdiyi vaxt beynəlxalq yardım təşkilatları mülki əhalinin münaqişədən təhlükəsiz çıxışı olmaması ilə bağlı narahatlığını ifadə edir.
İsrail tankları və əsgərləri Qəzza zolağının ikinci ən böyük şəhəri olan Xan Yunis yaxınlığına doğru hərəkət edərkən, İsrail Qəzzanın cənubuna hava zərbələri endirib.
İsrail ordusu son günlərdə etdiyi xəbərdarlıqlarda Xan Yunis məhəllələrindəki insanları şəxsi təhlükəsizlikləri üçün təxliyyə olunmağa çağıraraq, onları daha da cənuba doğru getməyə səsləyib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi təxminən 1,8 milyon insanın Qəzzada köçkün düşdüyünü, BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi isə Qəzzanın cənubundakı obyektlərində 1 milyona yaxın insanın sığındığını bildirir.
Müharibənin ilkin mərhələlərində İsrailin HƏMAS-a qarşı hərbi kampaniyasını Qəzza şəhəri kimi bölgələrə yönəltdiyi vaxt bir çox insan Qəzzanın şimalından cənuba qaçmışdı.
İşğal olunmuş Fələstin ərazilərində humanitar yardım üzrə koordinator Lin Hastings bazar ertəsi verdiyi açıqlamada Qəzzada humanitar işlərinin aparılması üçün ərazinin "davamlı kiçildiyini" və Qəzzaya çatan ləvazimatların miqdarının "tamamilə yetərsiz" olduğunu bildirib.
"Qəzzada heç bir yer təhlükəsiz deyil və gedəcək heç bir yer yoxdur", Hastings bildirir. "Qəzza xalqına yardımın çatdırılması üçün tələb olunan şərtlər mövcud deyil. Humanitar əməliyyatların aparıla bilməməsi kimi daha da ağır sseranirlər ortaya çıxmaq üzrədir", o deyib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Mirjana Spoljaric bazar ertəsi Qəzzaya səfər edərkən, ərazidəki fələstinlilərin vəziyyətini acınacaqlı kimi qiymətləndirib.
"İnsanların əzablarının səviyyəsi dözülməzdir. Mülki əhalinin Qəzzada gedə biləcəyi təhlükəsiz yerin olmaması qəbuledilməz haldır və hərbi mühasirə şəraitində hazırda adekvat humanitar yardım göstərmək mümkün deyil" - deyə, Mirjana Spoljaric verdiyi açıqlamasında bildirib.
İsrail HƏMAS-ı xəstəxanalara və digər mülki ərazilərə sızmaqda və mülki əhalini hava hücumları ərəfəsində İsrailin evakuasiya xəbərdarlığına məhəl qoymamağa çağıraraq, onlardan canlı qalxan kimi istifadə etməkdə ittiham edib. HƏMAS isə bu ittihamı rədd edib.
HƏMAS-ın idarə etdiyi Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində Qəzzada ən azı 15 min 890 adam öldürülüb, onların 70%-i qadın və uşaqlardır.
İsrail oktyabrın 7-də HƏMAS militantlarının İsrailin cənubunda sərhədi keçməsindən sonra Qəzza zolağında HƏMAS-ın idarəçiliyinə son qoymaq üçün hərbi kampaniyaya başlayıb. İsrail 1200 nəfərin öldürüldüyünü, 240-a yaxın adamın isə əsir düşdüyünü bildirib.
Bundan sonra İsrail tərəfindən həbs edilən bir neçə yüz fələstinli məhbusun azad edilməsi müqabilində 100-ə yaxın girov İsrailə təhvil verilib.
Forum