Accessibility links

“21 Azər” - Azərbaycan Milli Hökümətinin yaradılmasının 78-ci ildönümü


Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu
Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu

Təbriz mərkəzli Azərbaycan Milli Höküməti 12 dekabr 1945 və ya hicri təqvimi ilə 21 Azər 1324-də Seyyid Cəfər Pişəvərinin öndərliyi ilə Azərbaycan Demokrat Firqəsi tərəfindən təsis olundu.

Hər il Azər ayının 21-i İran Azərbaycanında Milli Hökümətin quruluş ildönümü kimi qeyd edilir. Keçən illərdə Milli Hökümətin ildönümünü qeyd edən çox sayda vətəndaş və siyasi fəal İranın kəşfiyyat və təhlükəsizlik məmurları tərəfindən həbs edilib və ya təzyiqlərə məruz qalıblar.

Həmçinin türk dil haqları müdafiəçiləri İran Azərbaycanının müxtəlif bölgələrində ənənəvi türkcə kitab paylama kampaniyaları təşkil edərək, milli hökümətin ildönümününü “türkcənin rəsmiləşməsi” günü kimi qeyd edirlər.

Azərbaycan Demokrat Firqəsinin liderləri və üzvləri (Seyyid Cəfər Pişəvəri şəkilin ortasında)
Azərbaycan Demokrat Firqəsinin liderləri və üzvləri (Seyyid Cəfər Pişəvəri şəkilin ortasında)

İran dövləti ölkə daxilində Milli Hökümətin təşkilinin ildönümü münasibəti ilə mərasimlər keçirilməsinə icazə verməməklə yanaşı, onun liderlərinin məzarı üstünə toplaşanları da həbs və mühakimə edir.

Azərbaycan Milli Höküməti 1946-cı ilin dekabrında İran ordusunun paytaxt Təbriz və digər şəhərlərə hücumu ilə devrildi. Hökümət devrildikdən sonra həmin hökumət dönəmində çap olunmuş türkcə kitablar İran Ordusu tərəfindən yandırıldı. Türk fəallar dekabr ayının 17-ni “Güney Azərbaycanda Kitab Günü” adlandıraraq, bu hadisənin ildönümünü qeyd edirlər.

Tanınmış cərrah Şapur Ənsari daha əvvəl Amerikanın Səsi ilə söhbətdə milli hökumətin devrilməsindən sonra türkcə dərsliklərinin yandırılması ilə bağlı təəssüratını bölüşüb.

“Dedilər bu dil pis dildir, kitablarınızı gətirib yandırın. Mən özüm də günahkaram. Kitabları yandıranda mən də iştirak etdim. Evdən türkcə kitablarımızı və qəzetləri gətirib yandırdıq... O olayı heç vaxt unutmaram. Buna səbəb olan heç kəsi heç zaman bağışlamaram,” həmin illərdə üçüncü sinifdə təhsil alan cənab Ənsari deyib.

Həmin illərdə İran Azərbaycanına səfər etmiş ABŞ Ali Məhkəməsinin hakimi William O. Douglas “Qəribə torpaqlar və mehriban xalq” adlı kitabında İran ordusunun Azərbaycana hücumunu belə təsvir edib:

“İran ordusu bir gürultu ilə Azərbaycana geri döndü. Əsgərlər başıpozuq şəkildə yağma və qarət edərək istədikləri hər şeyi götürürdülər... İran ordusu -- azadlıq ordusu -- [əslində] vəhşi bir işğal ordusuydu. O, xalq üzərində zalım bir iz buraxdı. Kəndlilərin məhsulu yandırıldı, qadınlar və qızlarına təcavüz edildi. Evlər talan edildi, mal-qara oğurlandı. Ordu nəzarətdən çıxmışdı. Onun missiyası azad etmək imiş, ancaq o, qeyri-hərbi insanları ovladı, arxada ölüm və yıxıntı buraxdı.”

Rəsmi Tehran Azərbaycan Milli Höküməti dönəmini “Sovetlərə bağlı bölücülərin fitnəsi” kimi təqdim edir.

Forum

XS
SM
MD
LG