Accessibility links

Rəsmi açıqlama: Azərbaycanda inflyasiya 9.4% olub


Bazar, arxiv foto
Bazar, arxiv foto

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda inflyasiya 9.4% təşkil edib.

Belə ki, 10 aylıq göstərici ilə müqayisədə Azərbaycanda inflyasiya 1,5% bəndi azalıb.

Məlumata görə 2023-cü ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 109,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4%, qeyri-ərzaq məhsulları üzrə 108,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6% təşkil edib.

2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8%, əvvəlki ilin noyabr ayına nisbətən isə 102,6% təşkil edib.

Bundan əlavə, 2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8%, əvvəlki ilin noyabr ayına nisbətən 102,6% təşkil edib.

Maliyyə naziri Samir Şərifov deyib ki, cari ildə inflyasiyanın bir qədər səngiməsi müşahidə edilir.

Onun sözlərinə görə, hökuməti narahat edən məsələlərdən biri inflyasiya ilə bağlıdır. Prezident İlham Əliyevin də bu istiqamətdə hökumətə xüsusi tapşırıqları olub.

“Gələn ildə isə inflyasiyanın cari nəticələrlə müqayisədə yarıbayarı olması gözlənilir. Təqribən söhbət 5,3 % inflyasiyadan gedir. Ona görə də bu istiqamətdə işlər gedir”, nazir qeyd edib.

Nazir bildirib ki, Azərbaycanda inflyasiyanı yaradan faktorlar da var, bunların böyük hissəsi isə xarici faktorlardır.

“İndi isə xarici bazarlarda dəyişikliklər baş verir. İdxal inflyasiyanın da enməsi nəticəsində bizdə bu proseslər sabitləşəcək. Dövlət tərəfindən də həmin təsirlərin, o cümlədən sosial sahədə yumşaldılması istiqamətində bir sıra addımlar atılıb. Bu gün təqdim etdiyimiz büdcədə əsasən sosial istiqamətdə əhaliyə ödənişlərin edilməsi nəzərdə tutulur,” Samir Şərifov deyib.

Azərbaycanın müstəqil iqtisadçıları hesab edir ki, ölkədə inflyasiyanı bir rəqəmli səviyyəyə endirmək üçün bazar iqtisadiyyatına keçid sürətləndirilməli, rəqabətlilik yaradılmalıdır.

İqtisadçı Fərid Mehralızadə Amerikanın Səsinə bildirib ki, hazırda hökümətin inflyasiyanı cilovlaması ilə bağlı ata biləcəyi addımlar büdcədən daha çox vergi siyasəti ilə bağlı ola bilər.

“Məsələn ƏDV-dən azad edilmə, gömrük rüsumlarının bir müddət ən azı dayandırılması, bazarda rəqabət imkanlarının yaradılması ölkədə qiymətlərin səviyyəsinin normallaşdırılmasına daha çox təsir edə bilər”, o bildirib.

İqtisadçının sözlərinə görə, son illərdə Azərbaycanda ərzaq inflyasiyası yüksək olub.

Forum

XS
SM
MD
LG