Accessibility links

SMDT: Seçkilərin növbədənkənar keçirilməsi üçün əsaslı və məntiqli izahat verilməyib


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) fevralın 7-də növbədənkənar prezident seçkisinin təyin olunması ilə bağlı hüquqi-siyasi mühiti dəyərləndirərək, seçkinin vaxtından 14 ay öncə keçirilməsi barədə sərəncam Azərbaycan Respublikası və Seçki Məcəlləsinə uyğun olaraq verilsə də, bu tədbirlərin seçkilərin dövriliyi və demokratik konstitusionalizm prinsiplərinə uyğun olmadığını bildirir.

Bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin bəyanatında deyilir.

SMDT hesab edir ki, növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam tutarlı siyasi ehtiyaclar göstərilmədən və cəmiyyətdə açıq ictimai müzakirələr aparılmadan verildiyindən seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən siyasi partiyalar və prezidentliyə namizədlik iddiasında olan şəxslərin iştirakını, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq seçki müşahidə təşkilatlarının hazırlığını çətinləşdirib.

Mərkəz hesab edir ki, bununla da Azərbaycan respublikasının qoşulduğu beynəlxalq sənədlərdə təsbit olunmuş "seçkilərin ağlabatan aralıqda və müddətdə keçirilməsinə dair" müddəalar gözlənilməyib, seçkilərin növbədənkənar qaydada keçrilməsi ilə bağlı əsaslı və məntiqli izahat verilməyib.

“SMDT Avropa Şurasına üzv ölkələrin təcrübəsinə istinad edərək, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı yetərincə müstəsna halların olduğunu, habelə bu səlahiyyətdən istifadə hüququnun müstəsna şərtlər çərçivəsində tətbiq edildiyini qeyd edir. Ancaq Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində belə müstəsna qaydalar və şərtlər göstərilməyib, bununla da prezidentə konkret və xüsusi əsaslar göstərmədən növbədənkənar seçkilər keçirmək səlahiyyəti verilib. Beləliklə, Konstitusiyanın 101-ci maddəsinin birinci hissəsi növbədənkənar seçkilərin elan edilməsi ilə bağlı müstəsna şərtlər və qaydaları müəyyən etmədiyindən bu səlahiyyətin özü Avropa seçki təcrübəsi ilə ziddiyət təşkil edir”, bəyanatda deyilir.

SMDT təəsüflə bildirir ki, hazırda arasında jurnalist, ictimai fəal və siyasi partiya təmsilçilərinin olduğu 200 nəfərə yaxın siyasi məhbusun həbsdə saxlanması, ifadə azadlığını məhdudlaşdıran addımlar, o cümlədən yeni “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunlar, müstəqil internet TV və veb səhifələrin bloklanması, sosial media fəallarının kütləvi şəkildə təqib edilməsi növbədənkənar prezident seçkisi ərəfəsində vətəndaş iştirakçılığını məhdudlaşdırır, seçki prosesi ilə bağlı demokratik şəraitin təmin olunmasını çətinləşdirir.

"Bununla yanaşı vətəndaş cəmiyyəti və hüquq müdafiə təşkilatlarına qarşı davamlı hüquqi-siyasi təzyiqlər vətəndaş cəmiyyəti təşkilatlarının seçicilərin maarifləndirilməsi, seçki hüquqlarının müdafiəsi və yerli seçki müşahidəçiliyinin təşkili ilə bağlı çalışmaq imkanlarını tükəndirib", sənəddə qeyd edilib.

Bundan əlavə SMDT əvvəlki seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 50-dən artıq tövsiyyəsinin, Avropa Şurası Venesiya Komissiyasının iki rəyinin və Avropa İnsan Hüquqları Məhkəməsinin seçki hüquqlarının pozulması üzrə 50-dən artıq qərarının icra olunmadığına əsaslanaraq, hesab edir ki, növbədənkənar prezident seçkisi ərəfəsində ölkədə rəqabətli siyasi mühitin yaradılması, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək hüququnun təmin olunması, media, siyasi partiyalar və vətəndaş cəmiyyəti institutlarına fəaliyyət imkanlarının yaradılması təmin edilməyib.

SMDT bəyanatında deyilib ki, seçicilərin qeydiyyatı ilə bağlı bu sahədə mövcud olan mürəkkəb mexanizmin sadələşdirlməsi, seçicilərin sayı ilə bağlı həqiqi və aşkar hesablamaların aparılmasıdır. Ancaq təəsüf ki, SMDT-nin 2009-cu ildən başlayaraq Dövlət Statistika Komitəsinın 18 yaşdan yuxarı əhali ilə MSK-nın açıqladığı seçici siyahıları arasında uyğunsuzluqla bağlı iradlarına diqqət yetirilməyib.

"SMDT 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkisinin azad, şəffaf və rəqabətli qaydada keçirilməsi üçün aşağıdakı istiqamətlərdə tədbirlərin keçirilməsini zəruri hesab edir: "Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslər azad edilsin. Bütün siyasi partiyalara öz toplantı və yığıncaqlarını, habelə dinc etiraz aksiyalarını keçirmək hüquqları tanınsın. Yerli və beynəlxalq QHT-lərin ölkədə sərbəst şəkildə fəaliyyətini əngəlləyən qanunlara demokratik dəyişikliklər edilsin, vətəndaş cəmiyyəti fəallarına qarşı təqiblərə son qoyulsun. Jurnalistlər və bloqerlərə qarşı təqiblər dayandırılsın, müstəqil və müxalif veb portalların bloklanması tədbirləri aradan qaldırılsın.

Azərbaycan hakimiyyəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə Avropa Şurası Parlament Assambleyasına müraciət edərək, hər iki qurumun beynəlxalq seçki müşahidə missiyasını ölkəyə dəvət eləsin", bəyanatda qeyd edilib.

Xatırlatma

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu barədə dekabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.

Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib.

Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.

Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG