Accessibility links

İsveçrə İran prezidentinin "insanlığa qarşı cinayətlərdə" ittiham edilməsini istəyir


Bazar ertəsi İsveçrə səlahiyyətliləri İran prezidentini gözlənilən səfər zamanı həbs etmək və onu 1988-ci ildə müxaliflərdən təmizləmə ilə bağlı insanlığa qarşı cinayətlərdə ittiham etmək tələbi ilə hüquqi şikayət verib.

Şikayətdə İsveçrənin federal dövlət prokuroru Andreas Müllerdən İran prezidenti İbrahim Rəisinin "soyqırım, işgəncə, məhkəməsiz edamlar və insanlığa qarşı digər cinayətlərdə iştirakına görə" həbsini və mühakimə olunmasını təmin etməsi xahiş olunur.

Rəisinin çərşənbə günü Cenevrədə başlayacaq Birləşmiş Millətlər Təşkilatının Qlobal Qaçqınlar Forumunda iştirakı gözlənilirdi, lakin BMT bazar ertəsi axşam xarici işlər naziri Hüseyn Əmirabdollahyanın İran nümayəndə heyətinə rəhbərlik edəcəyini bildirib ki, bu da Rəisinin iştirak etməyəcəyinə işarədir.

Şikayət 1980-ci illərdə İranın müxaliflərə qarşı repressiyasının qurbanı olduğu iddia edilən üç şəxs tərəfindən təqdim edilib.
Hüquq qrupları 1988-ci ilin yayında İraqla müharibənin sona çatdığı bir vaxt bir neçə ay ərzində İran həbsxanalarında minlərlə gəncin məhkəməsiz edam edilməsi iddiası ilə bağlı ədalət uğrunda mübarizə aparır.

Ölənlər əsasən İranın terror təşkilatı hesab etdiyi və münaqişə zamanı Bağdada dəstək verən İran Xalq Mücahidləri Təşkilatının tərəfdarları olub.

Şikayətdə deyilir ki, Rəisi həmin vaxt Tehranın baş prokurorunun müavini vəzifəsində çalışıb və məhbuslara ölüm hökmü çıxarmaqda ən həvəsli şəxslərdən biri olub.

Forum

XS
SM
MD
LG