Accessibility links

Meyxanaçı "Bandotdel"də işgəncə gördüyünü deyir


Meyxanaçı Mahir Qonşuyev
Meyxanaçı Mahir Qonşuyev

Hazırda həbsdə olan, "Mahir Ay Brat" kimi tanınan meyxanaçı Mahir Qonşuyev narkotik ittihamını qəbul etmir və 6 aydır günahsız ola-ola həbsdə olduğunu deyir.

Mahir Qonşuyevin sözlərinə görə narkotik ittihamı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel") onun boynuna qoyulub. Meyxanaçı bunları dekabrın 12-də keçirilən məhkəmədə danışıb.

Məhkəmədə dövlət ittihamçısı ittiham aktını oxuyub. İttiham aktında yazılıb ki, meyxanaçı iyunun 6-da Azadlıq prospektində saxlanılıb və "Bandotdel"də onun üzərindən 3.8 qram narkotik tapılıb.

Dövlət ittihamçısı Qonşuyevin daha öncə də məhkum olunduğunu bildirib və 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda narkotik ittihamıyla 8 il 6 ay həbs cəzası verildiyini deyib. Həbs cəzası sonrada 7 ilə endirilib.

Özünü təqsirli bilmədiyini deyən meyxanaçı əvvəllər narkotik istifadəçisi olduğunu etiraf edib, lakin həbsdən çıxandan sonra bu pis vərdişdən əl çəkdiyini deyib. Onun sözlərinə görə ittiham aktında tutulduğu yer də düzgün göstərilməyib:

"Həmin gün "Çanaqqala" restoranına dəvət eləmişdilər. Prodüserim Kamil Mirzəliyevlə birlikdə oradakı məclisə gedirdik. Liftdən çıxanda ikimizi də "banditizm"in işçiləri saxladı, idarəyə apardılar. Sonradan prodüserimi buraxdılar”.

Meyxanaçı bildirib ki, saxlanılıb idarəyə aparılanda da, idarədə də fiziki və psixoloji təzyiqlərə məruz qalıb. Onun sözlərinə görə hazır ifadəni gətirib onu imzalamağa məcbur ediblər.

"Başıma yumruqla, kürəyimdən təpiklə vururdular. Hazır ifadəni gətirdilər. Elə sözlər deyirdilər ki, qol çəkməyə bilməzdim", deyə Qonşuyev bildirib.

O, məhkəmədə bildirib ki, həbsindən əvvəl bir neçə dəfə polis idarəsinə çağrılaraq kriminal mövzudakı meyxanalarını yığışdırması tələb olunmuşdu:

"Mən getdiyim məclislərdə də polislər, rəislər olub. Heç bir cinayət törətməmişəm. Bu da mənim sənətimdir, pulum ondan çıxır, ona görə meyxana deyirdim".

Mahir Qonşuyevin anası Mehriban Qonşuyeva oğluna işgəncə verildiyini və buna görə övladının intihara cəhd etmək istədiyini deyib.

"Yalandan sənədə imza atdırıblar ki, guya Mahirin üstündə narkotik olub. Hamısı yalandır, balamı şərləyiblər", deyə o bildirib.

Daxili İşlər Nazirliyi isə bu iddiaları əsassız sayır.

Daxili İşlər Nazirliyinin iyunun 12-də yaydığı məlumatda deyir ki, polisin keçirdiyi əməliyyat zamanı keçmiş məhkumdan psixotrop maddə olan "metamfetamin" aşkar edilib.

"Araşdırmalarla Mahir Qonşuyevin sosial şəbəkələrdə "Mahir Ay Brat" adlı səhifə yaradaq əsasən gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib", məlumatda bildirilir.

Məlumatda deyilir ki, qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Qonşuyevə Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsilə ittiham verilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG