ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Konqres liderləri ilə görüşüb.
Senatorlarla görüşündə Zelenski onları əmin edib ki, Ukrayna hökuməti korrupsiyaya qarşı ciddi mübarizə aparır və bu, bir səbəb olaraq Ukraynaya hərbi yardımın dayandırılmasına yol açmamalıdır.
ABŞ Senatında çoxluğun lideri Çak Şumer Zelenski ilə görüşü “çox əhəmiyyətli” adlandırıb.
Onun sözlərinə görə, Ukrayna prezidenti lazım olan təchizat və Birləşmiş Ştatların Ukraynaya necə yardım edə biləcəyi haqda detallı məlumat verib.
"Əgər ona lazım olan yardım verilsə, o, qalib gələcək," Şumer bildirib. "Əgər biz uduzsaq, Putin udsa, onda bu, Birləşmiş Ştatlar üçün çox-çox təhlükəli olacaq," o əlavə edib.
Nyu York ştatını təsmil edən Demokrat əlavə edib ki, Zelenski Ukrayanya yardımın tez bir zamanda lazım olduğunu bildirib.
Çərşənbə axşamı Prezident Zelenskinin ABŞ Prezidenti Co Baydenlə görüşü gözlənilir.
Zelenskinin ABŞ-da səfərinin başlıca məqsədi Amerikanın ölkəsinə hərbi yardımı davam etdirməsini təşviq etməkdir.
Zelenski deyib ki, bu görüşlərdən “bizim bu ilki uğurlarımıza əsaslanaraq gələn il hansı nəticələrə nail ola biləcəyimizdən danışmaq” üçün istifadə edəcək.
Bazar ertəsi Vaşinqtonda Milli Müdafiə Universitetində çıxış edən Zelenski Ukrayna ordusunun hava hücumundan müdafiəsini genişləndirmək üçün raketlər və dronlar istəyib və deyib ki, Ukraynanın "səmada qələbə çalmağa" ehticayı var.
"Siyasətçilərin əsgərlərə xəyanət etməyə belə cəhd etməməsi çox vacibdir, çünki onların müdafiəsi üçün silaha ehtiyac olduğu kimi, azadlıq həmişə birlik tələb edir," Zelenski deyib.
Forum