Accessibility links

Bayden Netanyahunu Qəzzada günahsız insan həyatlarını qorumağa çağırır


İsrailin Qəzzada davam edən hərbi kampaniyasının mülki vətəndaşlar arasında doğurduğu itkilərin miqyası ABŞ rəhbərliy tərəfindən narahatlıqla qarşılanır. Prezident Co Baydenin İsrail baş naziri Benyamin Netanyahuya ünvanladığı mesajda ABŞ lideri İsrailə möhkəm dəstəyini ifadə etsə də, bu narahatlıq özünü büruzə verib.

“Biz İsraillilərə aydın etmişik ki, və onlar da bunu bilirlər… günahsız fələstinlilərin təhlükəsizliyi böyük narahatlıq mənbəyidir,” deyə Ağ Evdə Ukrayna prezidenti Voldimir Zelenski ilə görüşən Bayden əlavə edib ki, İsrail ordusu əlindən gələni etməlidir ki, günahsız fələstinlilərə xətər dəyməsin.

ABŞ-da səfərdə olan Zelenski Rusiya təcavüzünə qarşı savaşan ölkəsi üçün hərbi və iqtisadi yardım əldə etməyə can atır. Konqresdəki Respublikaçı çoxluq administrasiyadan mühacirət siyasətində dəyişikliklər aparmağı tələb edərək Ukrayna və İsrail üçün nəzərdə tutulan yardımı saxlayıblar.

İsrailin hərbi əməliyyatları artıq üçünü aya daxil olurkən Baydenin baş verənlərə münasibəti daha tənqidi ton alıb.

Çərşənbə axşamı 2024-cü il seçkiləri üçün Demokrat donorlarla görüşündə Bayden deyib ki, İsrailin fərq qoymadan bombardman etməsi dünya boyu ona dəstəyin azalmasına yol açır. Eyni zamanda Ağ Evin digər rəsmiləri İsrailin vətəndaş itkilərini azaltmaq üçün ölçülər götürdüyünü bildirib.

“O, [Netanyahu] yaxşı dostdur, amma düşünürəm ki, o, dəyişməlidir. ... İsraildəki bu hökumət onun hərəkət etməsini olduqca çətinləşdirir,” Bayden deyib. Bu xüsusda Bayden İsrailin ultra-sağçı milli təhlükəsizlik naziri və iki-dövlət prinsipinin əleyhdarı İtamar Ben-Qviri qeyd edib.

Bayden təklif edib ki, Netanyahu iki-dövlət həll yoluna gedən sülh prosesində tərəfdaş ola biləcək Fələstin Muxtariyyatı administrasiyasını gücləndirməlidir.

“Gələcəkdə Fələstin dövləti olmayacaq demək olmaz,” deyə Bayden İsraildə iki-dövlət həll yoluna qarşı çıxan sərt xətt tərəfdarlarına mesaj verib.

Bayden bildirib ki, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bu həftə regiona gedərək orada israilin müharibə kabineti ilə görüşəcək. Həmin görüşlərdə Sallivanın İsrailə dəstəyini ifadə edəcəyi, eyni zamanda mülki vətəndaşların həyatlarının qorunması və Qəzaya daha çox humanitar yardımın göndərilməsinə şərait yaradılmasını təşviq edəcəyi gözlənilir.

Forum

XS
SM
MD
LG