Accessibility links

Azərbaycan bu il Avropaya 11 milyard kubmetr qaz ixrac edib


Azərbaycan bu il Avropaya 10.85 milyard kubmetr qaz ixrac edib. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun dediyinə görə, Avropadan başqa, Türkiyəyə 8.7 milyard kubmetr, Gürcüstana isə 2.5 milyard kubmetr qaz ixrac olunub.

“Bu dövrdə TANAP-la Türkiyəyə 5.1 milyard kubmetr qaz nəql edilib", nazir bildirib.

Şahbazov Azərbaycanın yanvar-noyabr aylarında qaz ixracının 9% artığını qeyd edib.

Onun sözlərinə görə, bu ilin 11 ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 27.6 milyon ton, ixracı isə 23.1 milyon ton olub:

"Bu dövrdə 3.6% artımla hasil edilmiş 44 milyard kubmetr qazın 22.05 milyard kubmetri ixrac olunub", nazir əlavə edib.

Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ildə Bakıda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə birlikdə Energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb.

Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın qazına tələbatı artırıb.

Aİ ölkələrinə - Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixracı ilə yanaşı, Azərbaycan Gürcüstana və Türkiyəyə də mavi yanacaq tədarük edir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Azərbaycan əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə infrastrukturun genişləndirlməsini nəzərdə tutan memorandum imzalayıb.

“Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya olacaq. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.

Rəsmi statistikaya görə, Azərbaycanın 800 milyon tondan çox neft, 2,6 trilyon kubmetr qaz ehtiyatları var.

Forum

XS
SM
MD
LG