Accessibility links

Azərbaycan və Türkiyə regional təhlükəsizlik məsələlərini müzakirə edib


Ceyhun Bayramov və Hakan Fidan
Ceyhun Bayramov və Hakan Fidan

Dekabrın 14-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Görüşlərdə siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, humanitar sahələrdən danışılsa da, əsas istiqamət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Orta dəhliz məsələsi olub. Türkiyə xarici işlər naziri Fələstinə dəstək məsələsinə də diqqət çəkib.

Ceyhun Bayramov deyib ki, Azərbaycan Türkiyə münasibətlərinin tarixi zirvəsindədir.

“2023-cü ilin ilk 10 ayında ticarət dövriyyəmiz 7 milyard dollara yaxınlaşaraq 2022-ci ilin 12 aylıq dövriyyəsini artıq 15 faiz üstələyib. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarına yaxın investisiya qoyub. Türkiyə tərəfindən Azərbaycan iqtisadiyyatına 15 milyard ABŞ dolları həcmində investisiya qoyulub”.

Azərbaycanda 330-dan artıq Türkiyə şirkəti tərəfindən ümumi dəyəri 17 milyard dollara yaxın layihələr icra edib. 4 minə yaxın Türkiyə investisiyalı şirkət Azərbaycanda fəaliyyət göstərir.

Ermənistan-Azərbaycan münasibətlərinə gəlincə nazir Bayramov bildirib ki, Ermənistanın sülh sazişinə dair noyabrın sonunda təqdim etdiyi təkliflər paketində müsbət irəliləyiş müşahidə olunur.

“Bu sənədlər paketi bundan öncə təklif olunan təkliflər paketinin birə-bir təkrarlanması deyil. Burada bəlli bir müsbət irəliləyiş müşahidə olunur”.

Bayramov hesab edir ki, tərəflər çox mürəkkəb məsələni, neqativ tarixi keçmişi olan bir məsələni addım-addım irəli apara bilərlər.

Hakan Fidan
Hakan Fidan

O, iki ölkə arasında birbaşa danışıqlardan danışarkən deyib ki, noyabrın 30-da dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların iki ölkənin sərhədində baş tutan görüşü konstruktiv mühitdə keçib.

“Orada bəlli bir prosedur xarakterli razılıqlar əldə edilib. Komissiyanın işinin reqlamentinin müəyyən edilməsinə dair tərəflər qarşılıqlı şəkildə sənəd mübadilələrini həyata keçirib”, nazir qeyd edib.

O, iki ölkənin əsirləri dəyişməsi ilə bağlı son razılaşmasını etimad quruculuğu istiqamətində əldə olunmuş çox ciddi nailiyyət hesab edir.

“Həm əsirlərin dəyişdirilməsi, həm də beynəlxalq təşkilatlar daxilində bir-birinin namizədliyinə veto qoymamaq iki dövlətin birbaşa təmasları nəticəsində əldə edilib”, Bayramov qeyd edib.

Bununla yanaşı nazir Bayramov Ermənistan xarici işlər nazirinin tərəflərin qoşunların sərhədlərdən geri çəkməsi ilə bağlı bəyanatını qəbul etmir. Onun firkincə, bu, danışıqlarda müzakirə olunan hansısa elementin kontekstdən çıxarıb cəmiyyətdə çaşqınlıq yaratmaqdır.

“Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb. Bu, kifayət qədər mürəkkəb məsələdir. Tam razılaşma olmayan halda qoşunlar geri çəkirlərsə, kim zəmanət verə bilər ki, tərəflərin hər hansı biri yenidən həmin mövqeləri tutmayacaq?” o qeyd edib.

Türkiyə xarici işlər naziri Hakan Fidan isə deyib ki, Azərbaycan və Türkiyənin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mövqeləri eynidir.

“Azərbaycan-Ermənistan arasındakı son razılaşmanı yüksək qiymətləndiririk. Biz bölgədə sülh və sabitliyə çox yaxınıq. Bu istiqamətdə Azərbaycanla əlaqələrimizi yaxından davam etdirəcəyik”, o qeyd edib.

Nazir Hakan Fidan Fələstin məsləsindən danışarkən deyib ki, “savaş, qətliam dərhal dayanmalıdır” və beynəlxalq ictimaiyyət bu sahədə üzərinə düşəni yerinə yetirməlidir.

“Beynəlxalq birliyə çağırışımız budur. Uzunmüddətli həll üçün Fələstin dövlətinin qurulması vacibdir”, o deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG