Accessibility links

Avropa Məhkəməsi sabiq Azərbaycan məmurunun hüquqlarının pozulduğunu tanıyıb


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 14-də “qaçaqmalçılıq” ittihamı ilə məhkum edilən keçmiş dövlət məmuru Akif Muradverdiyevin Azərbaycana qarşı işi üzrə qərarını elan edib. Məhkəmə Muradverdiyevin iddia etdiyi pozuntuları tanıyıb, ona qarşı irəli sürülən ittihamın qurama ola biləcəyini, bunun ədalətli şəkildə araşdırılmadığını qeyd edərək, Azərbaycanın ona 4 min avro təzminat verməsinə hökm verib.

Azərbaycanda Avropa Məhkəməsi qərarlarının monitorinqini aparan aihmaz.org-un məlumatına görə, Akif Muradverdiyev Prezident Aparatının işlər idarəsinin keçmiş müdiri olub. O, 2013-cü ilin iyun ayında Moskvaya getmək istəyərkən hava limanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərindəki kiçik çantası götürüldükdən sonra iyirmi dəqiqə otaqda sorğu-sual edilib. Ardınca, çantası geri verilib və şahidlərin iştirakı ilə üzərində və çantasında axtarış aparılıb və axtarış prosesi lentə alınıb. Axtarış protokoluna görə, baxış zamanı ərizəçinin çantasından 40 qızıl sikkə, müxtəlif valyutalarda nağd pullar və bir neçə mobil telefon aşkar edilib. Buna etiraz edib pul və telefonların ona məxsus olduğunu, qızıl sikkələrin isə ora qoyulduğunu bildirən ərizəçi protokolu imzalamaqdan imtina edib.

Daha sonra ərizəçi MTN-ə aparılıb, ordakı dindirmə zamanı da qızıl sikkələrin ona məxsus olmadığını, çantasına sonradan qoyulduğunu deyib. Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə qaçaqmalçılıq ittihamı irəli sürülən ərizəçi haqda məhkəməyə qədər həbs qərarı verilib. İstintaq zamanı ərizəçinin vəkili onun hava limanında olan zamanı əhatə edən video görüntülərin istənilməsi haqda vəsatət verib. Vəsatət təmin edilsə də, icra edilməyib.

Ərizəçi məhkəmə icraatı zamanı da cinayət işinin uydurma olduğunu və qızıl sikkələrin onun çantasına MTN əməkdaşları tərəfindən yerləşdirildiyini iddia edib. Xəzər Məhkəməsi ərizəçini qaçaqmalçılıqda təqsirli bilərək dörd il müddətinə azadlıqdan məhrum olunmasına hökm edib. Yuxarı məhkəmələr isə hökmü dəyişməyib.

Akif Haqverdiyev daha sonra Avropa Məhkəməsinə müraciət edərək ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu, uydurma sübutlar əsasında məhkum edildiyini, ona ortaya qoyulan sübutlara effektiv etiraz etmək, habelə, müxtəlif mərhələlərdə səmərəli hüquqi yardım almaq imkanları verilmədiyini iddia edib.

Avropa Məhkəməsi bu ərizənin araşdırılması zamanı Mirzə Sakit və Layicov işləri üzrə qərarlarına istinad edib. Ərizəçinin məhkum edilməsinə gətirən maddi sübutların əldə edilmə şərtləri, etibarlılığı və keyfiyyətini incələyən məhkəmə vurğulayıb ki, ərizəçi hava limanına gəldikdən sonra təhlükəsizlik, gömrük və sərhəd yoxlamalarından rahatlıqla keçib, minik qapısında saxlanılıb və otağa aparılıb.

“Ərizəçi bir otağa aparılıb, çantasının gətirilməsi və axtarış aparılması arasında 20 dəqiqə vaxt keçib. Axtarışın hökumət tərəfindən təqdim edilən video qeydi, ərizəçinin axtarışa qədər çantanın ondan alınması iddiasını dəstəkləyir. Bununla bağlı məhkəmə qeyd edir ki, həbsdən dərhal sonra keçərli bir səbəb olmadan axtarış aparılmaması, sübutun “yerləşdirilmiş” olması ilə bağlı əsaslı narahatlıq doğurur, çünki, ərizəçi həmin vaxt tamamilə rəsmilərin nəzarətində olub. Digər tərəfdən, ərizəçinin saxlanılmasından dərhal sonra axtarış aparılmasını imkansız edən hər hansı xüsusi durumun mövcud olmadığı da aşkar görünür”, AİHM qərarında qeyd edib.

Məhkəmə həmçinin hökumətin ərizəçinin sikkələrlə təhlükəsizlik və gömrük yoxlamalarından necə keçə bilməsi ilə bağlı heç bir inandırıcı izahat təqdim edə bilmədiyini vurğulayıb.

AİHM yekunda ərizəçiyə münasibətdə Konvensiyanın 6.1-ci maddəsinin pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçiyə 4 min avro təzminat ödəməlidir.

Ərizəçini AİHM qarşısında vəkil Fuad Ağayev təmsil edib.

Forum

XS
SM
MD
LG