Accessibility links

Təbrizli əkizlərə bir ildən sonra şəxsiyyət vəsiqəsi verilib


Təbriz Qeydiyyat İdarəsi
Təbriz Qeydiyyat İdarəsi

Təbrizli əkizlər, İlkay və Türkaya şəxsiyyət vəsiqələrinin verilməsində bir ildən çox gecikmədən sonra uşaqların ailələri onlara Təbriz Qeydiyyat İdarəsindən şəxsiyyət vəsiqəsi almağa müvəffəq olublar.

Bu barədə hüquq müdafiəçisi Sina Yusifi öz X hesabında (keçmiş Twitter) əkizlərin şəxsiyyət vəsiqələrinin surətini dərc edərək məlumat verib.

O, həmçinin qeyd edib ki, "İranda türklərin ana dilində olan adların əksəriyyəti Qeydiyyat İdarəsində qadağa ilə üzləşir və valideynlər məhkəməyə müraciət edərək çətin məhkəmə prosedurundan keçməyə məcbur olurlar."

İlkay və Türkay 2022-ci il noyabrın 15-də dünyaya gəliblər və şəxsiyyət vəsiqələrinin verilmə tarixi cari ilin dekabr ayının 4-ü olaraq qeyd olunub.

İran Azərbaycanında övladlarına türk adları seçdikdən sonra Qeydiyyat İdarəsindən şəxsiyyət vəsiqəsi almaqda problem yaşayan çox sayda ailənin olduğu güman edilir. Belə ki, bu ailələrin yalnız bir hissəsinin qeydiyyat şöbəsi ilə bağlı problemlərinin xəbərləri sosial mediada dərc olunur.

Son illərdə İranda türklərin yaşadığı vilayətlərdə valideynlərin körpələr üçün ad seçimində türk adlara daha çox üstünlük verdiyi müşahidə olunur.

İran Qeydiyyat İdarəsinin siyasətinə görə, övladlarına türk adları seçən ailələr bir çox maneələrlə üzləşirlər. Bu problemlər bəzən o qədər ciddi hal alır ki, bəzi ailələr aylarla, hətta illərlə övladlarına şəxsiyyət vəsiqəsi ala bilmirlər.

Bir sıra valideynlər, xüsusən də etnik azərbaycanlılar bu maneələri hakimiyyətin türk adlarının artmasına qarşı çıxmasının bir forması kimi şərh edirlər. Digər tərəfdən, bu aksiya ölkədəki milli azlıqların mədəni və dil hüquqları uğrunda mübarizə çərçivəsində mədəni itaətsizliyi kimi qiymətləndirilir.

Forum

XS
SM
MD
LG