Accessibility links

Marina Kalyurand: Önəmli olan növbəti mərhələlərdə atılacaq real addımlardır


Marina Kalyurand: Önəmli olan növbəti mərhələlərdə atılacaq real addımlardır
please wait

No media source currently available

0:00 0:04:51 0:00

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand Amerikanın Səsinin suallarını cavablandıraraq, Azərbaycan-Ermənistan birgə bəyanatının müsbət addım olduğunu bildirib. İndi tərəflərin real addımlar atmalı olduğunu qeyd edən Marina Kalyurand tərəflərin bir araya gələrək danışıqları davam etdirməsinin vacibliyini vurğulayıb.

Amerikanın Səsi: Xanım Kalyurand, Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılması ilə bağlı birgə bəyanat yaydı. Bu addım Avropa İttifaqı və digər beynəlxalq ictimaiyyət nümayəndələri tərəfindən müsbət qəbul edildi. Siz də Parlamentin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri ilə birgə yaydığınız bəyanatda bu razılaşmanı alqışlamısınız. Bununla bağlı daha ətraflı münasibətinizi bölüşə bilərsinizmi?

Marina Kalyurand: Mən bəyanatda qeyd etdiyim kimi, bunun müsbət addım olduğunu düşünürəm. Biz aylardır Ermənistan və Azərbaycanın sülh müqaviləsi, əsirlərin dəyişdirilməsi və digər məsələr barədə ciddi danışıqlara başlamasını gözləyirdik. Avropa İttifaqı liderləri tərəfindən bu cür görüşlərə vasitəçilik etmək səyləri olub, onların bəziləri baş tutub. Ancaq liderlər Brüsseldə danışıqlarda maraqlı olduqlarını ifadə etsələr də, öz ölkələrinə geri döndükdən sonra heç nə baş vermirdi. Bu baxımdan, onların bir araya gələrək birgə bəyanat yaymaları olduqca müsbət addımdır. İndi biz bunun sadəcə siyasi bəyanat olmadığını görmək üçün atılacaq növbəti addımlara baxmalıyıq.

Bildiyim qədəri ilə məhbusların dəyişidirilməsi baş tutub. Bu, verilən bəyanatın sadəcə sözdən ibarət olmadığını göstərir. Ümid edirəm bu cür addımlar davam edəcək, ümid edirəm, nəhayət hər iki ölkənin siyasi liderliyi ən yüksək səviyyədə bir araya gəlib danışıqlara başlamağa, sərhədlərin delimitasiyası, sülh müqaviləsi və digər bütün yerdə qalan məsələləri həll etməyə istəklidir.

Amerikanın Səsi: Siz müəyyən qədər toxundunuz bu məsələyə, mənim növbəti sualım bundan sonra hansı addımların atılması ilə bağlıdır? Fikrinizcə, indiki məqamda davamlı sülhə nail olunması üçün hansı addımlar atılmalıdır və Avropa İttifaqı bu xüsusda hansı rol oynaya bilər?

Marina Kalyurand: Avropa İttifaqı bir neçə dəfə vasitəçilik etməyə hazır olduğunu qeyd edib. Biz görüşlərə, danışıqlara vasitəçilik etməyə hazırıq. Aİ liderləri bunu dəfələrlə ifadə edib, həmçinin qeyd edib ki, əgər onlar danışıqlara ikitərəfli şəkildə davam etmək istəyirlərsə, bu, onların seçimidir. Çünki sonda proses deyil, ortaya çıxan nəticə önəmlidir. Beləliklə, Aİ danışıqlara vasitəçilik etməyə, kömək etməyə hazırdır, ancaq onlar danışıqlara ikitərəfli şəkildə davam edib razılaşma əldə edəcəklərsə, bu da həmçinin irəliyə doğru olduqca müsbət addım olardı. Gözləntilərə gəldikdə, siyasi bəyanatlar tez-tez verilir. Önəmli olan növbəti mərhələlərdə atılacaq real addımlardır. Biz görəcəyik məsələn, ekspertlərmi bir araya gələcək, sülh müqaviləsinin ilkin variantı üzrə razılıqmı əldə ediləcək və s. İndiki halda əlbəttə, biz növbəti addımları, hadisələrin inkişafını izləyəcəyik.

Mən başqa bir məsələyə də toxunmaq istəyirəm. Sözsüz ki, mən prezident İlham Əliyevin verdiyi bəyanatlardan məmnun deyiləm. O, Cozep Borreli tənqid edir, bu parlamenti, bizim prezidentimiz Roberta Metsolanı tənqid edir, ancaq istənilən halda bu, onun mövqeyidir. Əgər o, bunu özünə faydalı hesab edirsə, nə etmək olar, biz sağ qalacağıq, bu bizi öldürməyəcək. Önəmli olan iki tərəfin bir araya gəlməsi və sülh danışıqlarının davam etdirilməsi istiqamətində real istəyin olmasıdır.

Amerikanın Səsi: Digər tərəfdən, insan hüquqları təşkilatları prezident İlham Əliyevin Qarabağda qələbədən və ümumilikdə Azərbaycan-Ermənistan münaqişəsindən ölkədə tənqidi səsləri boğmaq üçün istifadə etdiyini vurğulayır. Son dönəmlərdə ölkədə çoxsaylı jurnalistlər həbs edilib. Sizin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair baxışlarınız nədir?

Marina Kalyurand: Əlbəttə, biz yaxından izləyirik və narahatlıqla izləyirik. Biz Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair çoxsaylı bəyanatlar vermişik, qətnamə qəbul etmişik. Əsas xətt odur ki, Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşı olmaq istəyirsə, daha geniş iqtisadi əlaqələr qurmaq istəyirsə, insan hüquqlarına, beynəlxalq hüquqa hörmət etməli, həqiqi strateji tərəfdaş kimi davranmalıdır. Biz əlbəttə, Qarabağ qaçqınlarının vəziyyətini də izləyirik. Biz onların geri dönmələri üçün imkan verildiyinə, onların hüquqlarına və təhlükəsizliyinə nə dərəcədə təmin edildiyinə baxacağıq. Biz vəziyyəti narahatlıqla izləyirik və kim Avropa İttifaqının strateji iqtisadi tərəfdaşı olmaq istəyirsə, ondan buna uyğun şəkildə davranmasını gözləyirik.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG