Accessibility links

Honq-Konqda media maqnatı Cimmi Lainin məhkəməsi başlayıb


Demokratiya tərəfdarı media maqnatı Cimm Lai bazar ertəsi Honq-Konqda milli təhlükəsizlik ittihamı ilə mühakimə olunub.

ABŞ və Britaniya ömürlük həbs cəzasın üzləşən Lainin azadlığa buraxılmasını tələb edib.

76 yaşlı Lai Pekinin 2020-ci ildə maliyyə mərkəzinə tətbiq etdiyi genişmiqyaslı milli təhlükəsizlik qanununa əsasən xarici qüvvələrlə “sövdələşmədə” ittiham olunur. O, tez-tez Pekini tənqid edən və 2019-cu ildə Honq-Konqda tüğyan edən nəhəng etiraz hərəkatını dəstəkləyən, hazırda bağlanmış Çindilli Apple Daily tabloidinin yaradıcısıdır.

Növbəti 80 iş günü ərzində açıq məhkəmədə dinlənilməsi planlaşdırılan proses Honq-Konqun siyasi azadlıqları və məhkəmə müstəqilliyi üçün barometr kimi yaxından izləniləcək.

Media işinə keçməzdən əvvəl paltar sataraq var-dövlətini qazanan milyonçu Lai münsiflər heyəti olmadan mühakimə olunacaq və bundan əvvəl onun vəkil seçimi rədd edilmişdi.

Bazar ertəsi günü 2021-ci ildən bəri ictimaiyyətə görünməyən Lai məhkəməyə kostyumda çıxıb və ailəsinin oturduğu zala gülümsəyərək əl edib.

Lai həm də Britaniya vətəndaşıdır və ABŞ, Britaniya, Avstraliya və Kanadanın xarici konsulluqlarının nümayəndələri məhkəmədə iştirak ediblər.

Onun işi beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qınanılsa da, Pekin bu tənqidləri qaralama və müdaxilə kimi rədd edib.

Böyük Britaniyanın xarici işlər naziri David Kameron məhkəmə prosesindən əvvəl verdiyi açıqlamada Lainin "siyasi motivli mühakimə olunmasından xüsusilə narahat olduğunu" qeyd edib.

“Görkəmli və açıq sözlü jurnalist və naşir kimi Lai ifadə və birləşmək azadlığı hüquqlarının dinc şəkildə həyata keçirilməsini dayandırmaq üçün açıq cəhdlə hədəf alınıb. Mən Honq-Konq hakimiyyətini təqibi dayandırmağa və Cimmi Lai azad etməyə çağırıram”, Kemeron bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də Lainin azadlığa buraxılmasına çağırıb.

“Mətbuat azadlığını boğan və sərbəst məlumat axınını məhdudlaşdıran əməllər Honq-Konqun demokratik təsisatlarını sarsıdıb”, Miller deyib.

1100 gündən çox həbsdə olan Lai 2019-cu ildə demokratiya etirazları zamanı yürüşlər təşkil etmək və iştirak etmək də daxil olmaqla, daha beş iş üzrə artıq məhkum edilib.

Onlarla fəala qarşı milli təhlükəsizlik qanunu ilə ittiham irəli sürülüb.

Lakin Lai xarici "sövdələşmə" ittihamına etiraz edən ilk şəxsdir.

Məhkəmənin qarşısına təhlükəsizlik qüvvələri zirehli maşın və taktiki təchizatlı polis yerləşdirilib.

Yerli KİV-in məlumatına görə, hakimiyyət məhkəmə müddəti zamanı 24 saat məhkəməni mühafizə edən 1000 zabiti səfərbər etməyi planlaşdırıb.

Forum

XS
SM
MD
LG