Accessibility links

İsrailə səfər edən ABŞ rəsmiləri girovların azad edilməsi, müharibənin miqyasının azaldılması yollarını axtarır


ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri bazar ertəsi İsrail və Qətər rəsmiləri ilə danışıqlar aparmaq üçün Avropaya səfər edərək, yeni atəşkəs və Qəzza zolağında girovların azad edilməsinə dair razılaşmanın mümkünlüyünü gündəmə gətirib.

İsraildə səfərdə olan ABŞ müdafiə naziri isə İsrail hərbi liderləri ilə münaqişənin miqyasının azaldılması ilə bağlı danışıqlar aparıb.

İki aydan çox davam edən dağıdıcı bombardman və döyüşlərdən sonra müharibədə dəyişiklik olacağına dair heç bir əlamət yoxdur. Qəzzanın şimalında şiddətli döyüşlər gedir, orada sakinlər xilasedicilərin ölüləri və İsrailin zərbələri nəticəsində dağıdılan binaların altında qalanları axtarırlar.

İsrailin ən yaxın müttəfiqlərindən olan Fransa, Böyük Britaniya və Almaniyanın həftə sonu qlobal atəşkəs çağırışlarına qoşulması ilə təzyiq artır.

İsrailli etirazçılar hökumətdən İsrail hərbçiləri tərəfindən ağ bayraqlar qaldıran üç nəfərin səhvən öldürülməsindən sonra daha çox girovlun azad edilməsi ilə bağlı HƏMAS ilə danışıqların yenidən başlamasını tələb edib.

ABŞ rəsmiləri dəfələrlə Qəzzada çoxlu sayda mülki vətəndaşın ölməsindən narahat olduqlarını bildiriblər. Lakin bazar ertəsi İsrail rəsmiləri ilə danışıqlardan sonra ABŞ-ın müdafiə naziri Lloyd Astin "Bu, İsrailin əməliyyatıdır. Mən buraya vaxt və ya şərtləri diktə etmək üçün gəlməmişəm" deyib.

ABŞ BMT-də atəşkəs çağırışlarına veto qoyub və İsrailə sursat göndərib. BMT Təhlükəsizlik Şurası humanitar yardıma maneəsiz çıxış imkanı vermək üçün hərbi əməliyyatların dayandırılmasını tələb edən ərəblərin dəstəklədiyi qətnaməyə səsverməni çərşənbə axşamına təxirə salıb.

Diplomatlar bildiriblər ki, ABŞ-ın qətnaməyə bitərəf qalması və ya “hə” deyə səs verməsi üçün danışıqlar aparılır.

Baş nazir Benyamin Netanyahu israr edib ki, İsrail Qəzzada HƏMAS hakimiyyətinə son qoyana, onun böyük hərbi imkanlarını darmadağın edənə və müharibəni alovlandıran İsrail daxilində oktyabrın 7-də baş vermiş ölümcül hücumdan sonra hələ də Qəzzada saxlanılan girovları azad edənə qədər mübarizəni davam etdirəcək.

Hücum zamanı 1200 nəfər öldürülüb, 240 nəfəri isə qaçırılıb.

Müharibə 19 400-dən çox fələstinlinin ölümünə və Qəzzanın şimalının böyük hissəsinin dağıdılmasına səbəb olub. Təxminən 1,9 milyon fələstinli (Qəzza əhalisinin təxminən 85%-i ) evlərini tərk edib, onların əksəriyyəti mühasirəyə alınan ərazinin cənub hissəsində BMT-nin idarə etdiyi sığınacaqlara və çadır düşərgələrinə yığılıb.

Forum

XS
SM
MD
LG