Accessibility links

Human Rights Watch: Tofiq Yaqublunun həbsi tənqidi səslərin susdurulması tendensiyasının davamıdır


"Azərbaycan hakimiyyəti tanınmış müxalifət lideri və açıq sözlü hökumət tənqidçisi Tofiq Yaqublunu sənədlərin saxtalaşdırılması və qondarma dələduzluq ittihamı ilə həbs edib. Yaqublunun həbsi Azərbaycanda jurnalistləri və digər hökumət tənqidçilərini hədəf alan həbslər dalğası fonunda baş verir."

Bu barədə dekabrın 19-da "Human Rights Watch" insan haqları təşkilatının yaydığı bəyanatda deyilir.

"Azərbaycan hakimiyyəti hökumətin opponentlərinə, jurnalistlərə və digər tənqidçilərə hücumu davam etdirir. Tofiq Yaqublunun həbsi ölkədə tənqidi səslərin susdurulması tendensiyasının davamıdır", təşkilatın Avropa və Orta Asiya üzrə direktor müavini Giorqi Qoqiya deyib.

"Human Rights Watch" qeyd edir ki, müxalifətçi barəsində əsaslandırılmamış şəkildə, formal əsasla həbs-qətimkan tədbiri seçmək Avropa İnsan Haqları Konvensiyasının qanunsuz saxlamaya qarşı standartlarını pozur.

"Azərbaycan hökumətinin tənqidçilərinə qarşı əcinnə ovu onun azad sözə və insan haqlarının qorumasına qarşı hörmətsizliyinin göstəricisidir. Hakimiyyət Yaqublunu dərhal azad etməli, tənqidçi jurnalistlər və müxalifət fəallarına qarşı təzyiqləri dayandırmalıdır", o əlavə edib.

Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.

Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 8 jurnalist həbs edilib. 2023-cü ilin iyul ayından iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), ötən ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla 200-dən çox insan həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların iradəsinə görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG