Accessibility links

Aleksey Navalnı Rusiyanın ucqar bölgəsindəki islah koloniyasına köçürülüb


Aleksey Navalnı
Aleksey Navalnı

Həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnı Rusiyanın ucqar bölgəsində yerləşən islah koloniyasına köçürülüb. Tərəfdarları Navalnı ilə iki həftədən artıq müddətdə əlaqə qura bilmədiklərini, onun harada saxlanılması ilə bağlı məlumatın olmadığını bildirirdi.

“Alekseyi Navalnını tapdıq. O, hazırda Yamal-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki 3 saylı islah koloniyasındadır. Bu gün vəkili onun yanında olub. Aleksey yaxşıdır”, Navalnın sözçüsü Kira Yarmış bazar ertəsi bildirib.

Rusiyanın Vladimir vilayətindəki 6 saylı çəzaçəkmə koloniyasında saxlanılan Navalnının vəkili sonuncu dəfə onunla dekabrın 6-da görüşüb. Daha sonra vəkili və tərəfdarları onunla təmas qura bilməyib və dekabrın 11-də Navalnının başqa çəzaçəkmə müəssisəsinə köçürüldüyü məlum olub.

Rusiya Federal Penitensiar Xidməti dekabrın 15-i Navalnının Vladimir regionundakı 6 saylı islah koloniyasından başqa yerə köçürüldüyünü təsdiqləsə də, əlavə məlumat verməyib.

Navalnıdan xəbər alınmaması tərəfdarlarının narahatlığına səbəb olub. Beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Fransa da Aleksey Navalnının taleyi ilə bağlı narahatlıq ifadə edib və onun dərhal azad edilməsinə çağırıblar.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov Navalnının köçürüldüyü yerin ən şimal və ən ucqar koloniyalardan biri olduğunu qeyd edib.

“Orada şərait ağırdır, xüsusi rejim daimi don zonasındadır. Oraya getmək çox çətindir və məktubların çatdırılması sistemləri yoxdur”, Jdanov əlavə edib.

Aleksey Navalnı 2021-ci ildə Almaniyada müalicədən qayıtdıqdan sonra aeroportda saxlanılıb. Ona qarşı “dələduzluq” və bir sıra digər ittihamlar irəli sürülüb.

2022-ci il iyun ayının ortalarında “dələduzluq” işi üzrə hökm qüvvəyə mindikdən sonra Navalnı Melexovo kəndindəki 6 saylı ciddi rejimli koloniyaya köçürülüb.

2023-cü ilin avqustunda Navalnı “ekstremizm” işi üzrə də təqsirli bilinib. Əvvəlki hökmləri nəzərə alaraq, müxalifətçi 19 il xüsusi rejimli koloniyada həbs cəzasına və 500 min rubl cəriməyə məhkum edilib.

“Dələduzluq” və “ektremizm” işləri üzrə ümumilikdə 30 illik həbs cəzası çəkməli olan Navalnıya qarşı dekabrın 1-də “vandalizmə” görə də cinayət işi açıldığı məlum olub.

Forum

XS
SM
MD
LG